Bakı Kitab Mərkəzində görkəmli maarifçi, ictimai xadim Həbib bəy Mahmudbəyovun (1864-1928) xatirəsinə həsr olunan tədbir keçirilib.
Həbib bəy Mahmudbəyovun adını daşıyan 2 nömrəli Texniki humanitar liseyin təşkilatçılığı ilə keçirilən tədbirdə tanınmış elm və mədəniyyət xadimləri, təhsil işçiləri, Milli Məclisin deputatları, liseyin məzunları və pedaqoji kollektivin üzvləri iştirak ediblər.
Əvvəlcə Həbib bəy Mahmudbəyovun həyatı və pedaqoji-maarifçi fəaliyyətlərindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edənlər - AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov, Azərbaycan Memarlar İttifaqı İdarə heyətinin sədri Elbay Qasımzadə, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, Xalq artisti Nurəddin Mehdixanlı, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nərminə Hüseynova, 2 nömrəli Texniki humanitar liseyin direktoru Turanə Məcidli, Həbib bəy Mahmudbəyovun həyat və fəaliyyətinin tədqiqatçısı filologiya üzrə fəlsəfə doktoru Şərəf Cəlilli maarif xadiminin həyat yolundan və pedaqoji fəaliyyətindən danışıblar. Qeyd edilib ki, Həbib bəy Mahmudbəyovun həyat və fəaliyyəti yalnız öz dövründə deyil, eyni zamanda bugünkü nəsillər üçün də ilham mənbəyidir. Həbib bəy Mahmudbəyov 1887-ci ildə Sultanməcid Qənizadə ilə birlikdə ilk rus-müsəlman məktəbini yaradıblar. Həyatı boyunca böyük ictimai maarifləndirmə fəaliyyəti ilə məşğul olan Həbib bəy respublikada xalq təhsilinin inkişafında yeni istiqamətlərin işlənib hazırlanmasının fəal iştirakçılarından olub. Bakı Şəhər Dumasının qlasnısı və məktəb komissiyasının üzvü olaraq 1906-cı ildə Azərbaycan müəllimlərinin birinci qurultayının hazırlanıb keçirilməsinin fəal iştirakçısı kimi qurultaya sədrlik edib. Bakıda Ali Pedaqoji İnstitut yarandıqda onun direktor müavini, sonra isə direktoru olub, həm də gecə kursları təşkil edib. Həbib bəy Mahmudbəyov elm və təhsillə yanaşı, Azərbaycanda teatrın inkişafında da böyük xidmətlər göstərib, ilk peşəkar teatr truppasının rəhbəri olub.
Çıxışçılar Azərbaycan təhsilinin və mədəniyyətinin inkişafında misilsiz xidmətləri olan, maarifçi və ziyalı Həbib bəy Mahmudbəyovun irsinin təbliği və tanınması istiqamətində gördükləri işlərə görə dövlətimizin başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Böyük şəxsiyyətin nəslinin nümayəndəsi Eldar Əzizov ulu babası haqqında fikirlərini iştirakçılarla bölüşüb.
Tədbirdə Əməkdar rəssam Rza Afşar müəllifi olduğu Həbib bəy Mahmudbəyovun portretini liseyin kollektivinə hədiyyə edib.
Sonda Həbib bəy Mahmudbəyovun ən sevdiyi əsərlərdən biri olan Mirzə Fətəli Axundzdənin "Hacı Qara" əsərindən kiçik bir səhnə təqdim edilib, musiqiçilərin ifasında klassik mahnılar səsləndirilib.