Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq artisti, görkəmli bəstəkar, müğənni Polad Bülbüloğlunun 80 illiyi münasibətilə Yuli Qusmanın eyniadlı filmi əsasında “Qorxma, mən səninləyəm!” tamaşası nümayiş olunub.
Nümayişdən əvvəl jurnalistlərə açıqlama verən tamaşanın quruluşçu rejissoru Cavid İmamverdiyev bu ideyanın təxminən iki il əvvəl yarandığını bildirib: “Biz teatrda daha əvvəl fərqli quruluşda hazırlanan eyniadlı tamaşanı tanınmış rejissor və ictimai xadim, 60-cı illərin KVN komandasının məşhur kapitanı, Xalq artisti Yuli Solomonoviç Qusmanın da 80 illik yubileyi münasibətilə göstərmişik. Əminəm ki, bu səhnə əsəri də tamaşaçıların müsbət rəyini qazanacaq”.
Tamaşanın bədii rəhbəri, teatrın direktoru Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu baletmeysteri Əməkdar artist Emin Əliyev, quruluşçu rəssamı Vüsal Rəhim, konsertmeysteri Fidan Əliyeva, rejissor assistenti Tamilla Aslanovadır.
Polad Bülbüloğlunun sehrli musiqilərinin yer aldığı səhnə əsərində Xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər Boris Qrafkin, Ələkbər Əliyev, Əzizağa Əzizov, Çingiz Əhmədov, Nahidə Orucova, Şövqi Hüseynov, Almaz Ələsgərova, Prezident mükafatçısı Mehriban Zaliyeva, aktyorlar Rauf Babayev, Elçin İmanov, Ülviyyə Əliyeva, Eleonora Mustafayeva, Nicat Əli, Leonid Klets, Fərid Rzayev, Telli Hüseynova, Təranə Əliyeva, Əli Kərimov, Murad Əliyev, eləcə də teatrın xor və balet truppasının artistləri iştirak ediblər.
Səhnə əsəri böyük maraqla qarşılanıb.
***
Mən çox şadam ki, teatrımızın tamaşaçı auditoriyası genişdir. Tamaşaların əksəriyyətində anşlaq yaşanır ki, bu da sənətsevərlərin marağını və teatrımıza olan sevgisini göstərir. Düşünürəm ki, bu dəfə də ortaya maraqlı və təsirli bir səhnə əsəri çıxıb.
Bu fikirləri jurnalistlərə açıqlamasında Xalq artisti Polad Bülbüloğlu premyerası keçirilən “Qorxma, mən səninləyəm!” tamaşasının nümayişi zamanı deyib.
Xalq artisti diqqətə çatdırıb ki, 44 il öncə çəkilmiş film qardaş ölkələrin ekranlarında yayımlanaraq geniş auditoriyaya təqdim olunub. “Bu əsərin uzun müddətdir yaşayaraq öz dəyərini qoruyub saxlaması hər bir yaradıcı insan üçün böyük qürur mənbəyidir. Hər bir bəstəkar üçün onun əsərlərinin illər boyu səslənməsi və tamaşaçılar tərəfindən sevilməsi əsl xoşbəxtlikdir”,- deyə P.Bülbüloğlu əlavə edib.