Mil-Muğan Regional Mədəniyyət İdarəsinin (RMİ) təşkilatçılığı ilə Sabirabad rayon Mədəniyyət Mərkəzində Novruzun ikinci çərşənbəsi olan Od çərşənbəsi (4 mart) münasibətilə açıq havada bayram tədbiri keçirilib.

Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyəti, YAP Sabirabad rayon təşkilatı, Mil-Muğan RMİ, Mil-Muğan RGİİ-nin rəhbər heyəti və əməkdaşları, rayon sakinləri və mədəniyyət işçiləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Sabirabad rayon Mədəniyyət Mərkəzinin rəsm dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar. Daha sonra Novruz bayramına aid adət-ənənələrimizi özündə əks etdirən nümunələrə və Sabirabad Tarix-Diyarşünaslıq Muzeyinə məxsus eksponatlara baxış keçirilib. Sabirabad rayon Həşimxanlı kənd Mədəniyyət evinin nəzdində fəaliyyət göstərən “Cəngavərlər” adlı pəhləvanlar qrupunun çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Tədbirin konsert hissəsində Sabirabad rayon Əhmədabad kənd Folklor evinin nəzdində fəaliyyət göstərən Axısxa "Halay-türk" folklor rəqs kollekivi müxtəlif rəqs nümunələri ilə çıxış edib, Sabirabad şəhər Üzeyir Hacıbəyli adına Uşaq musiqi məktəbi şagirdlərinin və rayonun incəsənət nümayəndələrinin təqdimatında bayram ab-havasını əks etdirən müxtəlif musiqi nömrələri səsləndirilib.