İşğaldan azad edilən ərazilərə Böyük Qayıdışın xəritəsinə daha bir yaşayış məntəqəsi əlavə olunub.
Martın 3-də 25 ailə (91 nəfər) Ağdərə rayonunun Həsənriz kəndinə köçüb. Doğma yurda qovuşan ailələrə evlərinin açarları təqdim edilib.
Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri, mətbuat nümayəndələri və digər şəxslər iştirak ediblər.
Elçin Yusubov diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq və işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Ağdərə rayonunun Həsənriz kəndinə köç mərhələli şəkildə həyata keçiriləcək.
Sakinlər hərtərəfli dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, Ağdərə rayonunun Həsənriz kəndi Böyük Qayıdışın əhatə etdiyi sayca 11-ci yaşayış məntəqəsidir. Kənd elektrik enerjisi, su və qazla təmin edilib.