Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi, “Gənclərin Töhfəsi” İctimai Birliyinin təşkilatçılığı ilə Naxçıvanda Azərbaycan-Türkiyə Rəqəmsal Yaradıcılıq Forumu keçirilib.

Fevralın 27-də gerçəkləşən forumun əsas məqsədi Azərbaycan və Türkiyə arasında rəqəmsal yaradıcı sənayelərdə peşəkar inkişafı və əməkdaşlığı gücləndirmək, innovativ yanaşmaları və mədəni əlaqələri təşviq etməkdən ibarətdir. 

Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və hər iki dövlətin himnlərinin səsləndirilməsi ilə açıq elan edilib.

Forumun rəsmi açılışında Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin rəsmiləri, dövlət və ictimai xadimlər, Türkiyədən dəvət olunmuş qonaqlar çıxış edib, tədbirin əhəmiyyətini vurğulayıblar.

Daha sonra forum "Rəqəmsal dünyada yaradıcılıq" adlı panel sessiya ilə davam edib. Panel müzakirələri zamanı rəqəmsal texnologiyaların yaradıcı sənayelərdə rolu, innovativ həllərin tətbiqi və gənclərin bu sahədə iştirak imkanları geniş şəkildə müzakirə edilib.

Forum Naxçıvan Dövlət Filarmoniyası ansamblının konsert proqramı ilə yekunlaşıb. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, forum Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzi, NMR Mədəniyyət Nazirliyi, Azərbaycan Gənclər Fondunun Naxçıvan filialı, “Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi” İctimai Birliyi və Qida Təhlükəsizliyi Hərəkatının tərəfdaşlığı ilə keçirilib.