Milli Məclisin sədri Sahibə Qafarova fevralın 28-də Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qonağı salamlayan Sahibə Qafarova Türk Mədəniyyəti və İrsi Fondunun əhəmiyyətindən danışıb. Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təsis edilən Fond türk xalqlarının bir-birinin mədəniyyətini, irsini daha da yaxından tanımasına, qardaş xalqlarımızın yaxınlaşmasına imkan yaradır. Fond Türk dünyasının zəngin mədəni irsini qorumaq, yaymaq, gələcək nəsillərə ötürmək baxımından mühüm körpü rolunu oynayır, həmçinin türk xalqlarının dəyərlərini vurğulayaraq, mədəniyyətlərarası dialoqu gücləndirməklə bu sahəyə ciddi töhfələr verir.
Səmimi görüş üçün təşəkkürünü bildirən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova belə bir qurumun yaradılmasının düzgün və çox uzaqgörən qərar olduğunu diqqətə çatdırıb. Bildirib ki, mədəniyyət yumşaq gücdür və xalqların bir-birinə yaxınlaşmasında mühüm rola malikdir.
Söhbət zamanı qonaq Türk Mədəniyyəti və İrsi Fondunun gördüyü işlər, həyata keçirdiyi layihələr və gələcək planları barədə məlumat verib. O, Prezident İlham Əliyevin “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” sözlərini özləri üçün deviz seçdikllərini və fəaliyyətlərini də bu istiqamətdə qurduqlarını diqqətə çatdırıb.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.