Şəki xan qəbiristanlığının cənub tərə­fin­dəki bir məzar digər­lərindən xeyli fərqlənir. Həmin qəbrin üzə­rinə be­ton tö­kül­müşdür. Qey­ri-adi formada olan başdaşı ağ mər­mər­dən ha­zır­­lan­mışdır. Deyilənlərə görə, vaxtilə onun üzərində mər­mər hissə də olub­muş. La­kin sonralar həmin başdaşını Şəki İpək Kombinatının 4 nöm­­­rəli filialına apar­ıb üzərində kə­lağayılara naxış vururmuşlar...

 “Naməlum” qəbrin mər­mər başdaşındakı ya­zı­lar bir qədər zədələnsə də, çox asanlıq­la oxunur: “Əh­məd xan bin Mə­həmməd Müx­lis. Anadan olub hicri 17 şəvval 1275-ci il ta­rix­də (20 may 1859). Vəfat edib 21 məhər­rəm 1309-cu il tarixdə (27 av­qust 1891). Şəki Xan məscidi­nin imam kö­mək­çi­si Habil Xəli­lov bizə bil­dirdi ki, 1-2 il əv­vəl epiqrafikada “müx­­lis” sö­zündən sonra “pa­şa” sö­­zü də oxunurmuş, amma hal-ha­zır­­da bu sö­zü oxu­maq müm­kün de­yil.

Qəbiristanlıqdakı epiqrafik abi­dələri vaxtilə görkəmli epiqrafçı alim Məşədixanım Ne­­mə­tova tədqiq etmişdir. La­kin onun 1961-ci ildə çap olun­muş “Nuxa “Xan qəbiris­tan­­­lı­ğı”n­dakı başdaşıların ki­ta­­bə­ləri haq­qında” adlı mə­qa­lə­­sin­də bu başdaşından söh­bət açılmır. Mə­şədixanım Nemətova da­ha son­ra çap olunmuş məqa­­lələ­rin­də və ki­tab­larında da bu qəb­rin epiqra­fi­ka­sın­dan heç bəhs etməmişdir. Amma o, 2000-ci ildə bu sətirlərin müəllifinə ora­da ağ mər­­mər üzə­rində bu­laq kita­bə­sinin ol­du­ğunu de­mişdi...

Bəs Əhməd xan kimdir? Bu su­­­alın cavabını tanınmış ma­a­rif­­çi, tədqiqatçı, pe­da­­qoq və etnoqraf Əhməd Nə­bi­­ye­vin (1885-1970) bu ya­xın­­larda ictimailəşmiş əlyazmasında tap­­dıq: Əhməd xan ana tərəf­dən Şəki xanı İsmayıl xanın və onun arvadı Tuti ağa­nın nəvə­si­dir. Ata tərəfdən isə onun ulu ba­­bası ilisulu Dani­yal sultandır. Əh­­məd xan 1891-ci ildə 31 ya­şı­nda və­fat etmişdir. Onun oğlu isə Ədilxandır.

Ədilxan Yelisuyski 1882-ci ilin dekabr ayında Nuxada (indiki Şəki) anadan olmuşdur. 1891-ci ildə – 9 yaşı olarkən 31 yaşlı atası vəfat etmişdir. Ədilxan 1901-ci ildə Tiflis real məktəbini bitirmişdir. Onun Novorossiya İmperator Universitetində (Odessa), Leypsiq Universitetində (Almaniya) zootexnik ixtisası üzrə, Sankt-Peterburqdakı ali təhsil müəssisələrindən birində təhsil alması barədə məlumatlar var. Lakin bu məlumatlardan hansısa birinin təsdiqlənməsi hələlik mümkün olmamışdır.

1907-ci ildə Ədilxan Nuxanın 7 verstliyində, atasının şərəfinə onun adını daşıyan Əhmədbəyli at zavodunu (atçılıq təsərrüfatı) yaratmışdır. Bir neçə ildən sonra həmin zavod rayonun Daşüz kəndinə köçürülmüşdür. 1914-cü ildə onun at zavodunda 300 başdan artıq at olmuşdur. I Dünya müharibəsinin başlanmasından (1914) sonra bu atlardan əvvəl 60, sonra 40, daha sonra 25 başını rus ordusuna vermişdir. Ədilxan Yelisuyski 1918-ci ilin noyabr ayında Nuxa Şəhər İdarəsinin başçısı idi.

1920-ci ildə Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra onun yerdə qalan 160 baş atdan ibarət təsərrüfatının idarə edilməsinə elə özü də rəhbərlik etmişdir. 14 fevral 1928-ci il tarixində Ədilxan Tiflisə köçmüş, əvvəl bir müddət ZSFSR Kənd Təsərrüfatı Nazirliyində, sonra isə uzun müddət digər kənd təsərrüfatı qurumlarında atçılıq sahəsi üzrə müxtəlif vəzifələrdə çalışmışdır. Ədilxan Yelisuyski 1fevral 1971-ci il tarixində – 88 yaşında Tbilisidə vəfat etmişdir. 3 fevralda Gəncədəki İmamzadə qəbiristanlığında dəfn olunmuşdur.

Ədilxan iki dəfə ailə qurmuşdur. Birinci arvadı Türkiyədə yaşayan əmisi general-leytenant Seyfulla paşanın qızı idi. Lakin qısamüddətli evlilikdən sonra o, boşanaraq Türkiyəyə qayıtmış və qızı Firdovsu da özü ilə aparmışdır. İkinci arvadı Zülqədərovlardan Mehrəli bəyin qızı Bilqeyis xanım (1894-1978.) olmuşdur. Ondan isə üç oğlu və bir qızı doğulmuşdur.

Ədilxanın Daşüzdə qurduğu at zavodu isə 1953-cü ilədək fəaliyyət göstərmişdir. Sonra isə atlar Ağdam at zavoduna verilmiş və Ədilxanın at zavodunun bazasında Daşüz camışçılıq sovxozu yaradılmışdır.

 

Ədilxanın general əmiləri

 

Məhəmməd xan. Aleksandr Düma (ata) 1858-ci ildə Nuxada olarkən Məhəmməd xanla görüşmüş, onun mayor rütbəsində olduğunu, sinəsində “Georgi xaçı” ordeni gəzdirdiyini, onun Şəkinin axırıncı xanının nəvəsi, Daniyal sultanın isə bacısı oğlu olduğunu öz kitabında qeyd etmişdir. 1860-cı illərdə leyb-kazak polkunun polkovniki idi. Daniyal sultanın boşanmış qızı Nanə xanımı almışdır. Türkiyəyə mühacirət etdikdən sonra “Mehmet paşa Müxlis” adı ilə tanınmış və türk ordusunun general-leytenantı olmuşdur. O, 22 fevral 1896-cı il tarixində vəfat etmiş, İstanbuldakı Qaraca Əhməd qəbiristanlığında dəfn olunmuşdur. Ölümündən bir ay keçməmiş həyat yoldaşı Firdovs da vəfat etmiş və ərinin qəbri yanında dəfn edilmişdir.  Oğlanları Cəfər isə onlardan 4-5 il əvvəl vəfat etmişdir.

Adıgörklü. 1868-ci ildə atası ilə İstanbula mühacirət etmişdir.

Məhəmmədsadıq. 1839-cu ildə anadan olmuşdur. O da atası və iki qardaşı kimi İstanbula mühacirət etmişdir.

Seyfulla paşa (1852-1909). 18 yaşında – atası və qardaşından sonra İstanbula mühacirət etmişdir. 1873-cü ildən Osmanlı ordusunun hərbi əməliyyatlarında iştirak etməyə başlamışdır. 1877–1878-ci illər rus-türk müharibəsində kəşfiyyatçı zabit olmuşdur. 1885-ci ildə ovçu adı altında Yunanıstanda (Afinaya yaxın) strateji məqsədlər üçün məlumatlar toplamışdır. Daha sonra türk ordusunun Balkan əməliyyatlarında iştirak etmiş və general rütbəsi almışdır. 1900-cü illərin əvvəllərində Osmanlı imperiyasının İşkodra vilayətinin (indiki Monteneqro və Albaniya ərazisi) valisi idi. O, aeroplanı 500 metr hündürlüyə qaldırmış ilk türk sınaqçı-təyyarəçisi hesab olunur.

 

Aydın Məmmədov
M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin əməkdaşı