Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin (RMİ) təşkilatçılığı ilə Biləsuvar rayonundakı Heydər Əliyev Mərkəzində Xalq şairi, Dövlət mükafatı laureatı Nəbi Xəzrinin (1924–2007) 100 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.
Tədbirdə Şirvan-Salyan RMİ-nin rəisi Şahin Şahbazov, Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ləman Yüzbaşova, rayonun digər rəsmiləri, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şahin Şahbazov çıxış edərək Nəbi Xəzri poeziyasından söz açıb. Qeyd edib ki, şairin yaradıcılığı təkcə Azərbaycan ədəbiyyatının deyil, milli-mənəvi dəyərlərimizin ayrılmaz hissəsidir. Nəbi Xəzri XX əsr Azərbaycan poeziyasının ən parlaq simalarından biridir. O, poeziyada insan qəlbinin dərinliklərini açmaqla yanaşı, bədii ifadə vasitələrini yenilikçi üslubda təqdim etməyi bacaran sənətkarlardan olub. Onun lirikası ideologiyadan uzaq, saf və səmimi olduğu üçün oxucuların qəlbinə yol tapıb.
Vurğulanıb ki, Prezident İlham Əliyevin Nəbi Xəzrinin yubileyi ilə bağlı sərəncamı dövlətimiz tərəfindən ədəbi, mədəni irsimizə diqqət və qayğının daha bir nümunəsidir.
İcra başçısının müavini Ləman Yüzbaşova və YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı da Nəbi Xəzrinin zəngin ədəbi irsinin dilimizin, mədəniyyətimizin inkişafına mühüm töhfə verdiyini qeyd ediblər.
Ədəbi-bədii gecədə Biləsuvar şəhər Orxan Əkbərov adına Uşaq incəsənət məktəbi və Nihad Babayev adına Xırmandalı kənd Uşaq incəsənət məktəbinin şagirdləri şairin şeirlərini söyləyib, rayon Mədəniyyət Mərkəzinin solistləri Nəbi Xəzrinin sözlərinə yazılmış mahnıları oxuyublar.
Tədbir tamaşaçıların alqışları ilə müşayiət olunub.