Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Türkiyənin “Teatr” (“Tiyatro”) qəzeti ilə əməkdaşlığı çərçivəsində “TÜRKSOY Beynəlxalq Teatr Mükafatları”nın növbəti təqdimatı olub.

Mükafat hər il müxtəlif nominasiyalar üzrə Türk dünyasında teatr sahəsində çalışan aparıcı sənətçilərə təqdim edilir.

Fevralın 3-də İstanbuldakı Mask-Kara Teatrının səhnəsində 10-cu "Beynəlxalq Anadolu Teatr Mükafatları"nın (“Tiyatro” qəzeti tərəfindən təsis edilib) təqdimetmə mərasimi keçirilib.

Tədbir çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Şimali Kiprin sənətçilərinə 2024-cü il üzrə “TÜRKSOY Beynəlxalq Teatr Mükafatları” da təqdim edilib.

Mərasimdə TÜRKSOY-un baş katibi Sultan Raev, Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Teatrları baş direktorunun müavini Sükun İşıtan, Azərbaycanın TÜRKSOY-dakı daimi nümayəndəsi Elçin Qafarlı, digər ölkələr üzrə təmsilçilər, teatr sənətçiləri iştirak ediblər.

“Tiyatro” qəzetinin qurucusu Nazif Uslu və TÜRKSOY-un baş katibi Sultan Raev tədbirdə çıxış ediblər.

Sultan Raev 10-cu "Beynəlxalq Anadolu Teatr Mükafatları" mərasimində sənətçilərlə bir yerdə olmaqdan məmnunluğunu ifadə edib. Bildirib ki, təşkilat öz fəaliyyətində Türk dünyasında teatr sənətinin inkişafına da mühüm diqqət ayırır. 

Baş katib bu il “Türk Dünyasının Mədəniyyət Paytaxtı” olan Qazaxıstanın Aktau şəhərində 3-cü Beynəlxalq TÜRKSOY Teatr Festivalını, Almatı şəhərində isə III Beynəlxalq Türk Dünyası Tələbə Teatr Festivalını təşkil edəcəklərini diqqətə çatdırıb.

Çıxışlardan sonra mükafatlar sahiblərinə təqdim edilib.

“Türk dünyasının ən yaxşı teatr aktyoru” nominasiyası üzrə mükafata Azərbaycanın Xalq artisti Fəxrəddin Manafov layiq görülüb.

Qazaxıstan yazıçısı Duman Ramazan “Türk dünyasının ən yaxşı dramaturqu”, Qırğızıstanın İssıqlıgöl vilayəti Kasımali Jantoşev adına Musiqili Dram Teatrının rejissoru Ulanmırza Karıpbayev “Türk dünyasının ən yaxşı teatr rejissoru”, Mukimi adına Özbəkistan Dövlət Musiqili Teatrının baş rəssamı Jaloliddin Rahimov “Türk dünyasının ən yaxşı dekor dizayneri”, Türkiyənin Dokuz Eylül Universitetinin (İzmir) İncəsənət fakültəsinin səhnə sənətləri bölməsinin müəllimi Sibel Erdenk “Türk dünyasının ən yaxşı teatr xoreoqrafı” və Şimali Kipr Türk Cümhuriyyətindən aktrisa Ayla Haşmetli “Türk dünyasının ən yaxşı teatr aktrisası” nominasiyaları üzrə təltif olunublar.

Qeyd edək ki, mərasimdə “Beynəlxalq Anadolu Teatr Mükafatları”nın jürisinin qərarı ilə TÜRKSOY, “Türkiyə Teatr Toplantısı”, “Mədəniyyətlərarası Teatr Platforması”, Trakya və Balkan Ölkələri Teatr Birliyi, Ege Teatrlar Birliyi və Avrasiya Teatrlar Birliyi tərəfindən 2024-2025-ci teatr mövsümündə incəsənətin bu növünə töhfə verən şəxslər və qurumlar təltif edilib.

***

Hər il teatr mövsümünün yekunlarına görə Beynəlxalq Anadolu teatr mükafatları təqdim edilir. Bu çərçivədə Türkiyənin “Tyatro” qəzeti və TÜRKSOY-un əməkdaşlığı ilə təşkilatın teatr mükafatı da sahiblərinə verilir. 2024-2025-ci teatr mövsümündə TÜRKSOY olaraq hər ölkədən nominasiyalar üzrə namizədimizi müəyyənləşdirərək “Tyatro” qəzetinin münsiflər heyətinə təqdim etdik və onlar da qəbul etdilər. Burada əsas məqsəd teatr xadimlərini qiymətləndirmək və Türk dünyasının teatr sahəsində əməkdaşlığını gücləndirməkdir. Bu, eyni zamanda, TÜRKSOY-un teatr sahəsinə verdiyi dəyərin göstəricisidir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycanın TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı bildirib.

O xatırladıb ki, bu istiqamətdə TÜRKSOY tərəfindən artıq üç ildir ki, Beynəlxalq Teatr Festivalı da təşkil edilir. TÜRKSOY teatr sahəsi üzrə gənc nəslin yetişdirilməsinə də böyük önəm verir. Bu səbəbdən türkdilli dövlətlərin mədəniyyət və incəsənət universitetlərinin birliyi yaradıldı. Bu vəsilə ilə hər il birliyin rektorlar səviyyəsində görüşləri keçirilir və birgə fəaliyyət planları müzakirə olunaraq müəyyənləşdirilir. Birliyin fəaliyyəti nəticəsində biz artıq ötən il bu universitetlərin nəzdindəki teatr fakültələrinin tamaşalarından ibarət “Tələbə Teatrları Festivalı”nın ikisini keçirdik. Bunlardan ilki Özbəkistanda, ikincisi isə Azərbaycanda - Bakıda baş tutdu. Festivalın üçüncüsü bu ilin may ayında Qazaxıstanın Almatı şəhərində keçiriləcək. Bu da teatr sənətinin TÜRKSOY üçün əhəmiyyətinin daha bir nümunəsidir.

Elçin Qafarlı diqqətə çatdırıb ki, TÜRKSOY vasitəsilə Türk dünyası yazıçıları və dramaturqlarının əsərlərindən ibarət altı almanax artıq işıq üzü görüb: “Ötən il görkəmli Azərbaycan dramaturqu Cəfər Cabbarlının anadan olmasının 125-ci ildönümü ilə əlaqədar yazıçının seçilmiş dram əsərlərinin yeddisini Türkiyə türkcəsində çap etdirdik. Bu, Cəfər Cabbarlının Türkiyədə nəşr edilən ilk əsərlər toplusu oldu. Nəşr XX əsr Azərbaycan ədəbiyyatının parlaq simalarından olan Cəfər Cabbarlının Türk dünyasında daha yaxından tanınması baxımından olduqca vacibdir".