Musiqisiz bir film təsəvvür edin. Sadəcə, dialoqlar, monoloqlar, kadrlar... Film boşluqda axır sanki. Heç kəsin sevincini, kədərini, həyəcanını hiss etmirsiniz. Aktyorlar rollarını nə qədər peşəkarcasına ifa etsələr də, filmin tempini tuta bilmirsiniz. Nəticədə, sadəcə, teatr tamaşası izləmiş olursunuz. Lakin heç bir dialoq, yaxud monoloqun iştirak etmədiyi, yalnız musiqinin müşayiəti ilə çəkilmiş filmlər var ki, onlar hazırkı dövrdə də məşhurdur. Pantomim tərzi ilə çəkilən "Çarli Çaplin" filmlərini, yəqin ki, hər birimiz həyatımız boyunca, bir dəfə də olsun, izləmişik. Deməli, belə nəticəyə gəlmək olar ki, musiqi filmin yardımçı vasitəsi kimi yox, onun əsas komponenti kimi çıxış edir. O, təkcə tətbiqi rol oynamır, filmin əsas ideyasını ortaya qoyur, onun xarakterini müəyyənləşdirir.
Tarix boyunca musiqisi ilə izləyiciləri sehrləyən çoxsaylı filmlər çəkilib. Zamanla musiqi filmin əsas hissəsi halına gəlib, hətta bəzi filmlər sırf musiqisi sayəsində bütün dünyada məşhur olub.
Kinematoqrafiya tarixində ilk film qatar stansiyaları ilə bağlı bir sənədli film idi. Sənədli film ilk dəfə Parisdə "Salon Indien du Grand Café" adlı yerdə, 33 nəfərdən ibarət izləyici kütləsinə 28 dekabr 1895-ci ildə nümayiş etdilib. Bu nümayiş sırasında daha 17 qısametrajlı film göstərilib. “Zavoddan çıxan işçilər” də bu qısa filmlərdən biri idi. Bu yeni icadı izləyənlərin çoxu Lümyer qardaşlarının bu işinin bir sehr olduğunu düşünürdü. Deyilənlərə görə, filmi izləyənlər qatarın ekrana doğru gəldiyi səhnədə qışqırıb salondan qaçmağa çalışmışdılar.
İlk ssenarili gerçək film 1902-ci ildə Georges Melies tərəfindən lentə alınmış "Le Voyage Dans La Lune" ("Aya səyahət") adlı film, ilk rəngli film isə 1939-cu ilə aid "Rüzgar kimi keçdi" (Gone with the Wind) və "Oz cadugəri" (The Wizard Of Oz) filmləri olub.
Milli kinematoqrafiya tariximizə gəldikdə isə dünya kinosunun inkişafı ilə ayaqlaşan Azərbaycan kinosu da ilk vaxtlar səssiz və ağ-qara, sonradan isə rəngli və səsli formatda olmuşdur. Azərbaycan kino sənətinin tarixi 1898-ci il avqustun 2-dən başlayır. Həmin il “Şəhər bağında xalq gəzintisi”, “Bazar küçəsi sübh çağı”, “Qatarın dəmiryol stansiyasına daxil olması”, “Bibiheybətdə neft fontanı yanğını” və başqa filmlər çəkilib. 1900-cü ildə Parisdə keçirilən ümumdünya kino sərgisində “Bibiheybətdə neft fontanı yanğını” və “Balaxanıda neft fontanı” xronikaları nümayiş etdirilib.1935-ci ilədək Azərbaycanda səssiz filmlər çəkilsə də, onlar həm sənədli, həm də bədii film janrlarında olub.
Yazıçı İbrahim bəy Musabəyovun dövrün həyat hadisələrini və lövhələrini əks etdirən, melodram janrında olan “Neft və milyonlar səltənətində” povesti əsasında 1916-cı ildə Azərbaycanda ilk tammetrajlı bədii film çəkilib. Bununla da kino salnaməmizdə yeni səhifə açılıb – bədii film çəkilişinin əsası qoyulub.
Azərbaycanda ilk səsli kinonun istehsalına 1935-ci ildə “Mavi dənizin sahilində” bədii filmi ilə başlanılıb. Səsli kinonun yaranması ilə sənədli kinomuzun da yaradıcılıq imkanları genişlənib. 1936-cı ildə tamamlanan "Almaz" kinofilmi ilə Azərbaycan kino musiqisinin əsası qoyulub. Filmin musiqisini maestro Niyazi və Zülfüqar Hacıbəyov öz öhdəsinə götürmüşdü. 1956-cı ildə isə kinomuzda daha bir keyfiyyət dəyişikliyi baş verdi, ilk rəngli bədii film olan “O olmasın, bu olsun” ekran əsəri çəkildi.
Məlumdur ki, ilk səssiz kinofilmlərdə müşayiət məhz fortepiano vasitəsilə tamaşaçılara təqdim edilib. Xarici kino sənayesində bu, improvizasiya xarakterli janrlardan, milli kinematoqrafiya sahəsində isə mahnı kimi yüngül janrlardan istifadə olunaraq həyata keçirilirdi.
Kino musiqisinin olduqca zəruri özünəməxsus xüsusiyyətləri mövcuddur. Belə ki, kinofilmə musiqi yazan bəstəkar, sadəcə olaraq, ekranda baş verən hadisələrə musiqi fonu deyil, filmin əsas dramaturgiyasını ön plana çıxaran musiqi bəstələməlidir. Kinofilmdə hadisələr həyatda olduğu kimi daim inkişaf edir, qəhrəmanlar müəyyən hiss-həyəcanlar keçirir, hərəkət edirlər. Kitab oxuduğumuz zaman bu dəyişiklikləri izləmək bizə daha rahat olur, çünki yazar qəhrəmanların duyğularını və hərəkətlərini ən xırda detallarına qədər təsvir edə bilir. Kinofilmdə isə vaxt məhdudiyyəti olduğundan bu cür xırda detalların təsviri mümkünsüzdür. Həmin detalların təsviri artıq musiqinin öhdəsinə düşür. Sözlə təsvir edilə bilməyən mənəvi hisslər, fikirlər musiqi dili ilə açılır.
Kino musiqisi olduqca mürəkkəb bir sahədir. O bəstəkardan, ən müxtəlif forma və janrlara professional səviyyədə və ustalıqla bələd olmağı və məntiqi dramaturji təfəkkür tələb edir. Ədəbiyyatda olduğu kimi, musiqidə də yığcam olmaq çətindir.
Gəldiyi qənaətləri olduqca önəmli hesab etdiyimiz İstanbul Universiteti Sosial Elmlər İnstitutunun araşdırmaçısı Eda Doğanın "Sinema filmlərində izləyicinin təsirlənməsində önəmli rol oynayan göstəricilərdən biri olaraq film musiqisi" adlı elmi-tədqiqat işində yazır: "Filmlərdə adətən verilən mesajları müəyyən müddətlərə sığdırmaq məcburiyyəti mövcud olmaqdadır. Bəlkə də, musiqinin ən önəmli vəzifəsi hansısa görüntü ardıcıllığını, dramatik bir parçanı və veriləcək mesajı əlaqələndirərək məhdud zaman çərçivəsində çox şey izah edilməsini təmin etməkdir. Musiqinin bu şəkildə davamediciliyi artırmaq üçün istifadəsi film musiqilərinə əsaslanır. Kəsik səhnə və ayrı görüntüləri birləşdirib davamlılığı təmin etmək üçün musiqi hər zaman yaxşı bir vasitə olmuşdur. Məsələn, reklam filmlərində bəzən bir neçə saniyə içində bir hekayə qurulur, inkişaf etdirilir, həyəcan yaradılır və nəticəyə çatdırılır. Bu struktur içində musiqinin vəzifəsi isə önəmli anları və parçaları gücləndirmək, vurğulamaqdır. Musiqinin filmdəki tək vəzifəsi, şübhəsiz ki, davamediciliyi təmin etmək deyil. Kino musiqisinin bir çox funksiyası mövcuddur. Kino musiqisi görüntüyə canlılıq gətirir, filmin aurasını müəyyənləşdirir, o cümlədən diqqəti bir obyektə, ya da bir sözə yönəldir. Musiqi eyni zamanda filmin tempini müəyyənləşdirir...”.
Günümüzdə milli və xarici kino musiqisinə gəldikdə deyə bilərik ki, yazılan musiqinin filmlə uyumsuzluğu, onunla vəhdət təşkil etməməsi kino sənayesində rast gəlinən əsas problemlərdən biridir. Belə ki, bəzən musiqi filmdə yuxarıda qeyd olunanlardan fərqli olaraq, sırf plan doldurmaq məqsədilə istifadə oluna bilir. Bu isə nəinki musiqi ilə filmin eyni ruhda qovuşmamasına, eyni zamanda izləyicinin də fikrinin mövzudan yayınmasına gətirib çıxarır.
Müasir kinematoqrafiya sahəsində musiqi ilə bağlı problemlərdən biri də peşəkar bəstəkar arayışıdır. Çox hallarda həm xarici, həm də yerli kinofilmlərə yazılan musiqiyə diqqət ayrılmır, bayağı musiqi ilə izləyicinin zövqü korlanır.
Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Bakı Musiqi Akademiyasının professoru Zemfira Qafarova bir müsahibəsində bu tip problemlərlə bağlı deyib: “Bu sahədə, həqiqətən də, ciddi problemlər mövcuddur. Müasir filmlər üçün musiqini əsasən bəstəkarlıq savadı, təcrübəsi olmayan təsadüfi adamlar yazır. Bilirsiniz ki, bu gün bir şeir yazan adam özünü “şair”, bir mahnı yazan isə “bəstəkar” hesab edir. Hazırda bu istiqamətdə ciddi problemlər var. Fikrimcə, bunun səbəbi həmin filmlərin istehsalına rəhbərlik edənlərlə, eləcə də quruluşçu rejissorlarla bağlıdır. Onlar bu məsələdə xüsusilə diqqətli olmalıdırlar. Müasir film istehsalı ilə məşğul olanlar daha sanballı, daha səviyyəli bəstəkarlara müraciət etsələr, bu sahədəki mövcud nöqsanlar təkrarlanmaz. Bizim yaxşı bəstəkarlarımız var ki, onlar kino musiqisinə böyük töhfələr verə bilərlər. Azər Dadaşov, Sərdar Fərəcov, Cəlal Abbasov, Firəngiz Əlizadə, Elnarə Dadaşova və başqaları çox gözəl kino musiqisi yazmaq əzmindədirlər. Azərbaycan bəstəkarlıq məktəbi ölməyib, bu gün də yaşayır, bu məktəbin çox istedadlı təmsilçiləri var”.
Bu problemlərin həlli ilə bağlı bir sıra addımların atılması vacibdir. Öncəliklə, istedadlı gənc bəstəkarların ön plana çıxarılması və kino musiqisi sahəsində özlərini sınamasına şərait yaradılması həm onların, həm də müasir kino musiqimizin inkişafına müsbət təsir edə bilər. Bu nüans həm milli, həm də xarici kinematoqrafiyanın inkişafı üçün əhəmiyyətlidir. Bu baxımdan ölkəmizdə Azərbaycan Milli Konservatoriyası və Bakı Musiqi Akademiyası kimi ali təhsil müəssisələrinin yetişdirdiyi gənc bəstəkarlar kino musiqisi sahəsində öz istedadlarını nümayiş etdirmək bacarığına malikdirlər.
Azərbaycan Milli Konservatoriyasının bəstəkarlıq ixtisası üzrə bakalavr və magistr pillələrini bitirmiş, hazırda Bakı Xoreoqrafiya Akademiyasında müəllim kimi çalışan gənc bəstəkar Vəfa Bağırzadə bizimlə söhbətində bu sahə üzrə bəzi problemləri dilə gətirdi: “Düşünürəm ki, ölkəmizdə istedadlı gənc bəstəkarlarımız çoxdur. Hətta onlardan kino musiqisi üzrə özlərini sınayanlar da var. Belə bəstəkarlardan Azər Hacıəsgərlinin, Röya Hüseynovanın, Aysel Əzizovanın, Vüsal Namazlının, Rövşən Əsgərzadənin, Sara Amirian Dilrubanın adlarını çəkmək olar. Lakin istedadına bələd olduğum bir çox gənc bəstəkara da bu sahə üzrə özlərini sınamaları üçün müraciət olunmasını istərdim. Belə bəstəkarlardan Tamilla Əhədovanı, Sevinc Əliyevanı, Aysel Əlixanlını misal göstərmək olar. Hesab edirəm ki, özüm də daxil olmaqla adlarını çəkdiyim gənc bəstəkarlara kino musiqisi üzrə çalışmağa şərait yaradılsa, bu, müasir kino musiqimizin inkişafına da müsbət təsir göstərər.
Bundan əlavə, kino musiqimizin aktual problemlərindən biri də kinofilmlərə yazılan musiqinin keçmişə nəzərən bir o qədər də keyfiyyətli olmamasıdır. Belə ki, Tofiq Quliyev, Emin Sabitoğlu, Arif Məlikov və s. kimi görkəmli bəstəkarların kino musiqiləri bu gün də dillər əzbəri olsa da, müasir dövrdə bu sahədə yazılan musiqi əsərləri çox zaman yalnız film üçün yazılır, sonradan isə unudulub gedir. İstərdim ki, hazırkı dövrdə də filmlərə yazılan musiqi melodiyasının dərinliyi ilə insanları valeh edə bilsin və film bitdikdən sonra da uzun müddət yaddaşlarda iz qoysun”.
Son olaraq vurğulamaq istərdik ki, kino musiqisi bəstəkarlıq sahəsində çox mürəkkəb bir məktəbdir və bəstəkarın inkişafında mühüm rol oynayır. Ümid edirik ki, yaxın gələcəkdə ölkəmizdə kino musiqisinə xüsusi diqqət yetiriləcək.

Nazlı Allahverdiyeva