Yanvarın 22-də Davosda “Sülh Şurasının Nizamnaməsi” (“Board of Peace Charter”) sənədinin imzalanma mərasimi keçirilib.
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü olan Sülh Şurası İsrail-Fələstin münaqişəsinin sahmana salınması və yerlə-yeksan olmuş Qəzzanının yenidən qurulması, daha geniş perspektivdə isə Yaxın Şərqə davamlı sülhün gətirilməsini hədəfləyir. Eyni zamanda bu təşəbbüs ABŞ rəhbərinin yeni beynəlxalq təsisat yaratmaq niyyəti kimi dəyərləndirilir.
Prezident Tramp ümumilikdə 60-a yaxın dövləti Sülh Şurasına qoşulmağa dəvət edib. Bu sırada yer alan Azərbaycan dəvəti müsbət qarşılayıb. Hələlik 20-ə yaxın dövlət Sülh Şurasına qoşulmaq niyyətini ifadə edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, tədbirdə iştirak edən digər dövlət və hökumət başçıları “Sülh Şurasının Nizamnaməsi”ni (“Board of Peace Charter”) imzalayıblar.
Mərasimdə çıxış edən ABŞ Prezidenti Donald Tramp Qəzzanın yenidən qurulması ilə bağlı planlarından danışıb. Bildirib ki, bu proses çətin işdir və HƏMAS-dan sonuncu girovun cəsədinin qaytarılmasını tələb edib. O, Qəzzanın gözəl şəkildə yenidən qurulacağını və bu prosesdə çox uğurlu olacağını deyib.
“Biz demək olar ki, istədiyimiz hər şeyi edə bilərik”, - deyə Tramp bildirib, lakin dərhal əlavə edib ki, bunu BMT ilə birgə həyata keçirəcək. ABŞ Prezidenti vurğulayıb ki, BMT-nin böyük potensialı var, amma ondan istifadə etmir.
***
Yanvarın 22-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp ilə görüşü olub.
Görüşdə Donald Trampın yenidən hakimiyyətə gəlməsindən sonra ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə olunub.
Ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı razılaşmaların əldə edilməsində Prezident Donald Trampın tarixi rolu vurğulanıb.
Dövlətimizin başçısı Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlara toxunub. Artıq regionda sülhün mövcud olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev bunun iki ölkə arasında ticarət münasibətlərinin yaranmasında da özünü göstərdiyini bildirib. Bu xüsusda Azərbaycandan Ermənistana neft məhsullarının ixracını, həmçinin idxal edilən taxılın ölkəmiz vasitəsilə Ermənistana çatdırıldığını vurğulayıb.
Dövlətimizin başçısı Zəngəzur dəhlizinin, o cümlədən TRIPP layihəsinin regional bağlantılar baxımından mühüm rol oynadığını qeyd edib.
Söhbət zamanı ABŞ Prezidentinin sədrliyi ilə yaradılan Sülh Şurasının əhəmiyyətinə toxunulub, bu qurumun Yaxın Şərqdə sülhü möhkəmləndirmək, eyni zamanda, qlobal münaqişələrin həllinə töhfə vermək baxımından önəmi qeyd edilib. Sülh Şurasına təsisçi üzv dövlət qismində Azərbaycanın dəvət olunması Azərbaycan-ABŞ strateji tərəfdaşlığının və ölkəmizin dünyada sülhün təşviqində oynadığı rolun təcəssümü kimi qiymətləndirilib.
Söhbət əsnasında dövlət başçıları ikitərəfli əlaqələrimizin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar, müxtəlif səviyyəli qarşılıqlı səfərlərin və təmasların münasibətlərimizin dərinləşdirilməsində rolunu qeyd ediblər.



























