Mayın 6-da Azərbaycan Milli İncəsənət Muzeyində Qazaxıstan Respublikası Abılxan Kasteyev adına Milli İncəsənət Muzeyinin kolleksiyasından əsərlərin yer aldığı “Qazaxıstan Azərbaycan: mədəniyyətlərin dialoqu” sərgisinin açılışı olub.

Layihə Azərbaycan Mədəniyyət Nazirliyi, Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin dəstəyi ilə reallaşıb.

Sərgi Azərbaycan Milli İncəsənət Muzeyinin 90 illik yubileyinə təsadüf edir. Milli İncəsənət Muzeyi müstəqillik dövründə ilk dəfə olaraq keçmiş sovet respublikalarının rəssamlarının əsərlərinin saxlanıldığı fondlarına müraciət edib. Bu baxımdan layihə maraq doğurur.

Açılış mərasimində çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirib ki, Azərbaycan ilə Qazaxıstan arasındakı münasibətlər ortaq tarixə, zəngin mədəni irsə və Türk dünyasının mənəvi dəyərlərinə əsaslanır. Qeyd edib ki, bu gün ikitərəfli münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatıb və bu cür layihələr iki qardaş xalq arasında mədəni dialoqun daha da möhkəmlənməsinə, incəsənət sahəsində əməkdaşlığın və humanitar əlaqələrin genişlənməsinə töhfə verir.

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova qeyd edib ki, 2024-cü ildə Abılxan Kasteyev adına Qazaxıstan Milli İncəsənət Muzeyi ilə Azərbaycan Milli İncəsənət Muzeyi arasında memorandum imzalanıb və o vaxtdan iki qurum arasında fəal əməkdaşlıq başlanıb.

Sərgidə tanınmış Qazaxıstan rəssamlarının 30 əsəri nümayiş olunur. Bundan əlavə, Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından Qazaxıstan müəlliflərinin 8 əsəri ilk dəfə sərgilənir.

Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel layihənin həyata keçirilməsinə görə hər iki ölkənin muzeylərinə minnətdarlığını bildirib və bu cür təşəbbüslərin qardaş xalqlar arasında mədəni dialoqun, mənəvi yaxınlığın və dostluğun möhkəmlənməsinə töhfə verdiyini vurğulayıb. O, sərginin hər iki ölkənin mədəni həyatında əlamətdar hadisəyə çevriləcəyinə və humanitar əməkdaşlığın daha da inkişafına səbəb olacağına əminliyini bildirib.

Abılxan Kasteyev adına Milli İncəsənət Muzeyinin direktoru Qulaim Jumabekovanın fikrincə, bu layihə hər iki ölkə üçün xüsusi əhəmiyyət kəsb edir. Qazaxıstan təsviri sənətini Azərbaycanda təmsil etmək böyük şərəf və mühüm mədəni missiyadır. O vurğulayıb ki, sərgi Türk dünyasının ortaq tarixi köklərinə və mənəvi dəyərlərinə əsaslanan mədəni dialoq məkanı kimi qurulub. Nümayiş olunan əsərlər Qazaxıstan və Azərbaycan xalqlarının ortaq mədəni məkanını formalaşdıran bədii düşüncənin ahəngini, arxetip obrazlarının vəhdətini və vizual kodları əks etdirir.

Çıxışlardan sonra qonaqlar sərgi ilə tanış olublar.

Layihə Qazaxıstanın bədii irsinin geniş mədəni və tarixi kontekstdə dərk edilməsinə yönəldilib. Qazaxıstan tarixən müxtəlif sivilizasiya və bədii ənənələr arasında sıx qarşılıqlı əlaqə zonasında inkişaf edib ki, bu da onun təsviri sənətinin özünəməxsus təbiətini formalaşdırıb. Burada akademik məktəb köçəri mədəniyyətə əsaslanan obrazlı düşüncə ilə mükəmməl şəkildə birləşir.

Sərgi bir neçə nəsli təmsil edən rəssamların yaradıcılığında əks olunan insan və təbiət arasındakı qarşılıqlı münasibət, köçəri sivilizasiyanın ənənəvi həyat tərzinin təfsiri, kollektiv yaddaş fenomeni və tarixi transformasiyalar şəraitində mədəni kimlik axtarışı əsas mövzuları açır.

Sərginin əhəmiyyətli bir hissəsini Qazaxıstan milli rəssamlıq məktəbinin təməlində duran ustaların: Abılxan Kasteyev, Moldaxmet Kenbayev, Kanafiya Teljanov, Nurbek Tansıkbayev və Mariya Lizoqubun əsərləri tutur. Onların əsərlərində akademik ənənə və milli dərk etmə formasının sintezinə əsaslanan orijinal bədii dil formalaşır. Aişə Qalımbayeva, Sabur Mambeyev, Salihitdin Aytbayev və Şaymardan Sariyevin əsərlərində obrazın daxili məzmununa, onun simvolik və fəlsəfi aspektlərinə diqqət artır. 

Sərgi avqustun 31-dək davam edəcək.