2 fevral Azərbaycan Gəncləri Günüdür. Ulu öndər Heydər Əliyevin 1997-ci ildə imzaladığı fərmanla əsası qoyulan əlamətdar gün ölkəmizdə hər il müxtəlif tədbirlərlə qeyd olunur.
Yanvarın 31-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Qaradağ rayon Heydər Əliyev Mərkəzi və Bakı Şəhər Gənclər və İdman İdarəsi Qaradağ rayonu üzrə sektorunun birgə təşkilatçılığı ilə dəyirmi masa keçirilib.
Tədbirdə Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin zabit heyəti iştirak edib.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra mövzu ilə bağlı videoçarx nümayiş olunub.
Çıxış edənlər Azərbaycan gəncliyinin tarix boyu ölkəmizin inkişafında, dövlətimizin möhkəmlənməsində mühüm rol oynadığını qeyd ediblər. Müstəqillik dövründə isə gənclərimiz ölkənin hər sahəsində – siyasətdə, iqtisadiyyatda, elmdə, idmanda və mədəniyyətdə fəal iştirak edərək Azərbaycanın adını dünyada tanıdıblar.
Qeyd olunub ki, ölkəmizdə gənclər hərtərəfli qayğı ilə əhatə edilib. Onlar cəmiyyət həyatının bütün sahələrində uğurla fəaliyyət göstərirlər.