Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Heydər Əliyev Mərkəzində 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə “Gənclər uğurlu gələcəyimizdir” mövzusunda sərgi-tədbir keçirilib.
Əvvəlcə mərkəzin foyesində “İstedad əngəl tanımır” layihəsi çərçivəsində təşkil olunmuş gənc rəssam Tünzalə Məmmədlinin əsərlərindən ibarət sərgiyə baxış keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə bildirilib ki, Ulu öndər Heydər Əliyevin gəncliyə göstərdiyi qayğının bir təzahürüdür ki, fevral ayının 2-si respublikamızda Azərbaycan Gəncləri Günü elan olunub. Çıxışçılarda dövlət gənclər siyasətinin uğurla aparılmasından, Prezident İlham Əliyevin gənclərə qayğısından, gənclərimizin ölkənin bütün sahələrində uğurlu fəaliyyətlərindən bəhs ediblər.
Çıxışçılar əlamətdar gün münasibətilə gəncləri təbrik edərək onlara uğurlar arzulayıblar.
Sonda mövzu ilə əlaqədar videoçarx nümayiş olunub və fəal iştirakına görə gənc rəssam Tünzalə Məmmədliyə mərkəz tərəfindən diplom təqdim edilib.