Mədəniyyət sahəsindən yazan jurnalistlər, bəlkə də, digərlərinə nisbətən daha həssas olurlar. Ona görə ki, iş prosesində görkəmli sənət xadimləri ilə görüşürsən və bir gün bu insanlar tarixə dönür. Görkəmli tarzən, Xalq artisti Fikrət Verdiyev (1947-2022) haqqında neçə vaxtdır yazmaq istəyirəm. Amma qəlbimdə fikirlər, sözlər dolaşır, alınmır... Bir müddət əvvəl yazıçı dostumuz Kənan Hacı zəng vurub deyəndə ki, Fikrət müəllim haqqında kitab hazırlanır və mən də bu kitabda xatirələrimi təqdim etməliyəm, təsadüfmü, qədərmi yenə də alınmadı...
Fikrət müəllim artıq ikinci ildir ki, aramızda yoxdur. 25 ilə yaxındır ki, mətbuat sahəsindəyəm. Bu illər ərzində çalışdığım sahə də elə təkcə mədəniyyət olub. İndi bir anlıq Fikrət müəllimlə tanışlığımızın hansı ilə təsadüf etdiyini yadıma salmaq istəyirəm. Uzaq 2000-ci ilin əvvəllərində onunla çox vaxt qiyabi olaraq, telefon vasitəsilə danışardıq. Hansısa sənətkarla bağlı xatirəsini, mövzular üzrə fikirlərini öyrənmək üçün zəng edərdim. Suallarımı hər zaman böyük sevgi və qayğı ilə, ətraflı cavablandırardı. Dünyadan köçmüş sənətkarlar haqqında danışması isə özünəməxsus və yanğılı idi.
Fikrət Verdiyevlə əyani tanışlığımız onun 2012-ci ildə Beynəlxalq Muğam Mərkəzində təşkil edilən yubiley tədbirində oldu. O vaxtdan tez-tez zəng edərdim. Sənətkarlara gün ərzində o qədər müxbir zəng edir ki... Çox güman ki, məni yadında saxlamırdı. O günə kimi ki, mən BMM-də çalışmağa başladım. Bu gözəl insanın ailəsini, övladlarını yaxından tanıdıqca Fikrət müəllimin xarakteri, onun sənətə baxışı başqa səmtdən açılırdı mənim üçün. Mərkəzdə muğam ustadlarına həsr edilən tədbirlərə başqa muğam ustadlarımız kimi o da gələrdi. Ömür-gün yoldaşı, Xan Şuşinski Fondunun rəhbəri Bəyimxanım Cavanşirova-Verdiyeva fondun musiqi ilə bağlı layihələrini BMM-də təşkil edəndə Fikrət müəllimin bu işlərə nə qədər ürəklə yanaşdığının şahidi oldum. Neçə-neçə unudulan sənətkarı yad etmək üçün gecələrin təşkilinə nail oldu Fikrət müəllim. Bu əməli ilə böyük sənətkarların ruhlarını sevindirdi.
Hər dəfə tədbirlə bağlı hansısa məqamı dəqiqləşdirmək üçün zəng edirdim. Bir gün mərkəzdə görüşəndə “Sən həmin o Laləsən?” deyib məni bağrına basdı və söylədi ki, vaxtilə ansamblında çalışan, işinin peşəkarı qarmon ifaçısı Xanlar Cəfərova xatirə gecəsi təşkil etmək istəyir. Can-başla ona yardımçı olacağımı dedim. Həmin tədbirin hazırlıqları ərəfəsində Fikrət müəllimin sənət dostlarına sədaqət və sevgisinin nə qədər səmimi olduğunu bu günə kimi unutmadım və xatirəmdə çox dərin iz buraxan bir anı yəqin ki, heç zaman unutmayacağam. Xanlar Cəfərova həsr olunan tədbirin məşqi idi. Gecəyə görkəmli qarmon ifaçımız, Xalq artisti Ənvər Sadıqovun ansamblı dəvət olunmuşdu. Səhnədə Ənvər müəllim Xanlar Cəfərovun repertuarından əsəri ifa edir, biz də Fikrət müəllimlə zalda əyləşib məşqi izləyirik. Fikrət müəllim də məşq zamanı bəzən öz tövsiyələrini verir, səhnədə quruluş və texniki məqamlara fikir bildirirdi. Birdən səhnədən Ənvər müəllimin ifa zamanı baxışlarının bizə sarı yönəldiyini hiss etdim. Yana çevriləndə gördüm ki, Fikrət müəllim səssizcə ağlayır. Sakitləşdirmək istəyəndə dedi:
– Eh, qızım, bu illər ərzində hansı sənətkarlarla işləmədim... Kimlər gəldi, kimlər keçdi bu sənət yolunda mənimlə. Sənətə verdiyim illər, etibarlı dostlarım yadıma düşəndə belə kövrəlirəm...
Fikrət Verdiyev daha sonra bir neçə sənətkarı yad etdi və onların da xatirəsinə həsr olunan tədbirlər keçirməyi planlaşdırdığını dedi. Elə oradaca mənə söz verdi ki, fəaliyyəti, sənət dostları , yaratdığı doğma “Göygöl” Dövlət Mahnı Rəqs Ansamblı haqqında “Mədəniyyət” qəzeti üçün geniş bir müsahibə verəcək. Amma ömrü vəfa etmədi... Biz elə düşündük ki, vaxt var, zaman var. Demə, vaxt bizdən qaçırmış. Sonra Fikrət müəllim xəstələndi, müalicəsi başlandı. İlk vaxtlarda zəng edib əhvalını xəbər alırdım. Deyirdim gəlim evdə görüşək. “Yox, özüm Beynəlxalq Muğam Mərkəzinə gələcəyəm” deyirdi. Bu sözündən sonra daha israr etmədim, onu müsahibə üçün tələsdirmədim. Ürəyinə pis gələr deyə düşündüm. Bir gün mütləq sağalıb tədbirlərə gələcəyi inamını qırmaq istəmədim. Çünki həssas insan idi. Getsəydim, xəstəliyinin ciddiliyini o dəqiqə biləcəkdi. Kaş ki, bir bəhanə ilə gedib görüşəydim...
***
Fikrət Verdiyevin yaradıcılığı, sənət uğurları haqqında dəfələrlə yazılıb. İndi onun bu qədər işləri necə böyük şövqlə gördüyünü xatırlayıram. Fəaliyyəti, etdikləri yaxşılıqlar yazmaqla bitməz. O, 1969-cu ildə konservatoriyanın ikinci kurs tələbəsi ikən Gəncədə “Göygöl” ansamblını yaradıb və səkkiz il bu ansamblı ictimai əsaslarla qoruyaraq tanıdıb. Hər zaman sənətə, sənətkara böyük dəyər verən Ulu öndər Heydər Əliyevin diqqət və qayğısı ilə 1977-ci ildə bu kollektivə “Dövlət mahnı və rəqs ansamblı” statusu verilib və Fikrət Verdiyev bu kollektivə bədii rəhbər təyin olunub.
1990-cı ildə “Göygöl” ansamblının bazasında Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası yaradılır. Bu mədəniyyət ocağının yaranmasında müstəsna xidmətləri olmuş Fikrət Verdiyev filarmoniyanın bədii rəhbər olur. O burada çalışmaqla yanaşı, Xalq artisti Zeynəb Xanlarovanın 1982-ci ildə yaratdığı ansambla konsertmeyster kimi dəvət olunur və bu kollektivlə birgə dünyanın 40-dan çox ölkəsində Azərbaycanın musiqi mədəniyyətini təbliğ edir.
Fikrət Verdiyev musiqi təşkilatçısı idi və davamlı olaraq yeniliklərə imza atırdı. 2000-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nəzdində “Neftçi” mahnı və rəqs ansamblını yaratmaq və rəhbərlik etmək ona nəsib olmuşdu. Fikrət müəllim yaradıcılıq fəaliyyəti dövründə 2 böyük kollektiv ərsəyə gətirib və 3 kollektivə rəhbərlik edib.
O, 2011-ci ildən Xan Şuşinski Fondunun təsisçilərindən biri olaraq bir sıra ölkələrdə Azərbaycan milli musiqisini uğurla təbliğ edib, bir çox ustad sənətkarların yubiley tədbirlərinin və yaradıcılıq gecələrini keçirib, musiqi müsabiqələrində münsif kimi fəaliyyət göstərib.
Görkəmli tarzən və musiqi təşkilatçısının mədəniyyətimizin inkişafına verdiyi töhfələr daim dövlətimiz tərəfindən yüksək dəyərləndirilib. 1987-ci ildə “Əməkdar artist”, 2014-cü ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb.
***
Bütün bu sənət uğurlarından əlavə, Fikrət müəllim həm də gözəl ailə başçısı, mehriban baba idi. Cəmiyyətimizin ayrı-ayrı sahələrində xalqının xidmətində duran ailə üzvləri bəlkə də onun ən böyük nailiyyətidir. Fikrət müəllimin ömür-gün yoldaşı, övladları bu gün onun xatirəsini əziz tutaraq adını, əməllərini yaşatmağa çalışırlar.
Bu xatirə yazısını hazırlayarkən şair İlqar Fəhminin misraları yadıma düşür: “Həyat duman kimiydi, itib-batıb dağıldı...”. Bu dumanın, dağınıqlığın içində Fikrət müəllimin 2012-ci ildə BMM-də təşkil edilən 65 illik, 2017-ci ildə 70 və son görüşümüz Heydər Əliyev Sarayında 75 illik yubiley tədbirlərindən fraqmentlər kino kadrları kimi gözümün önündən keçir. Sən demə, ölüm də bir nağılmış...
Bu gün muğam sənəti ilə bağlı sanballı tədbirlərdə əməkdaşlarımızla Fikrət müəllimi yad edir, onunla bərabər muğam tədqiqatçısı Gülhüseyn Kazımlını da xatırlayırıq. Təkcə ailədə, evdə deyil, sənətdə də hər zaman böyüklərin, ustadların yeri görünürmüş... Belə məqamlarda elə hamımızın Fikrət müəllimin duzlu-məzəli, həm də maraqlı söhbətləri üçün necə darıxdığımızı hiss edirəm...
O, Gəncəsiz yaşaya bilmirdi. Hərdən düşünürdüm bu adam Gəncə-Bakı yolunda yorulmur, görəsən... İşlərini necə çatdırırdı, necə şövqlə çalışırdı?! Fikrət müəllim yenə Gəncəyə getdi. “Deyirik özünü qoru, sözümüzə baxmır” – bəzən yaxınlarının qayğı, sevgi dolu bu sözləri də səslənir qulaqlarımda...
Və sonda... Fikrət müəllimin Gəncəyə sevgisi sonsuz idi və vaxtilə görkəmli bəstəkarımız Fikrət Əmirov ona xitabən “Öz gəncliyimi səndə görürəm” demişdi. Hər iki Fikrəti birləşdirən məqamlar çox idi və heyf ki, Verdiyev Fikrət Əmirov Fikrətlə bağlı unudulmaz xatirələrini ara-sıra danışsa da, hələ nə qədər söhbətləri qaldı. Bəlkə də bu səbəbdən yazını bitirdiyim ərəfədə haradansa – qonşunun həyətindənmi, yaxud yoldan ötən avtomobildənmi Fikrət Əmirovun “Mən səni araram” mahnısının sədaları otağa səpələndi. Budur həyatın acı, kədərli qəribəliyi...
Rahat uyuyun, Fikrət müəllim. Ruhunuz şad olsun! Yaxşı ki, həyatımızdan sizin kimi sənətkarla tanış olmaq imkanı gəlib keçdi. Sizdən öyrəniləcək çox şey vardı: etibarlı, sözübütöv, sənətdə və həyatda eyni insan olmaq...
Lalə Azər