Şirməmməd Hüseynovun 100 illiyi münasibətilə konfrans
Dekabrın 17-də Bakı Dövlət Universitetində (BDU) görkəmli alim və mətbuat tədqiqatçısı, professor Şirməmməd Hüseynovun (1924–2019) 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan mediası: tarix və müasirlik” mövzusunda elmi-praktik konfrans keçirilib.
Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, professor Şirməmməd Hüseynov görkəmli mətbuat tədqiqatçısı, nüfuzlu alim, unudulmaz müəllim kimi şərəfli bir ömür yaşayıb: “Professor Şirməmməd Hüseynov böyük bir ənənənin, tarixi missiyanın, “Əkinçi” məktəbinin davamçısı idi. Bu ənənə XIX əsrin sonu, XX əsrin əvvəllərində yaranan və formalaşan, klassik mətbuat xadimlərimizin milliliyə, vətənpərvərliyə əsaslanan ənənəsi idi. Şirməmməd müəllimin elmi və publisistik yazıları klassik mətbuat xadimlərimizlə müasir dövrümüz arasında bir körpü rolunu oynayır”.
Şirməmməd Hüseynovun həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olunub.
Türkiyənin Üsküdar Universitetinin rektoru Nazife Güngör böyük alim Şirməmməd Hüseynovun xalqına xidmət edən, tarix yaradan bir jurnalist və alim olduğunu vurğulayıb.
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid isə qeyd edib ki, Şirməmməd Hüseynov təkcə yazıları ilə deyil, vətəndaşlığı ilə də dərs keçib, nümunə olub.
Milli Məclisin deputatı Vüqar Rəhimzadə, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, BDU-nun kafedra müdirləri Cahangir Məmmədli, Qulu Məhərrəmli, Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev və digər çıxış edənlər Şirməmməd Hüseynovun böyük alim və minlərlə jurnalist yetişdirmiş pedaqoq kimi fəaliyyətindən söz açıblar.
Alimin qızı, Azərbaycan Milli Konservatoriyasının prorektoru Lalə Hüseynova çıxış edərək konfransın təşkilinə görə minnətdarlığını bildirib.
Konfrans işini bölmə iclasları ilə davam etdirib.