Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) “Sənətkarın dostu” layihəsi bu dəfə Ağdaş şəhərində reallaşıb.
MEMİM-in təşkilatçılığı, Mərkəzi Aran RMİ-nin dəstəyi ilə Ağdaş şəhər Habil Əliyev adına 1 nömrəli Uşaq musiqi məktəbində Əməkdar artist, Azərbaycan Milli Konservatoriyasının dosenti, kamança ifaçısı Elnur Əhmədovla görüş keçirilib.
RMİ-nin rəisi Aydın Bəşirov və MEMİM-in direktoru vəzifəsini icra edən Vüqar Hümbətov regionlarda bu kimi tədbirlərə böyük ehtiyac olduğunu diqqətə çatdırıblar.
Riad Cəbrayılovun moderatorluğu ilə keçirilən tədbirdə Elnur Əhmədov kamança aləti, onun ifaçılıq ənənələri, alətin tədrisi, təbliği ilə bağlı məlumat verib. Ustad dərsi formatında keçirilən tədbirdə sənətkarın özü ilə yanaşı, tələbələrinin də ifasında musiqi nümunələri təqdim olunub.
“Sənətkarın dostu” layihəsi mədəniyyətin təşviqi, görkəmli incəsənət xadimləri ilə gənc istedadların zəngin təcrübə mübadiləsinin təşkili məqsədilə həyata keçirilir. Layihə çərçivəsində paytaxt və regionlarda maarifləndirici, musiqili və interaktiv görüşlərin davamlı keçirilməsi nəzərdə tutulur.