Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə paytaxtdakı 109 nömrəli tam orta məktəbdə XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Dövlət mükafatı laureatı, Xalq şairi, dramaturq Nəbi Xəzrinin (1924-2007) anadan olmasının 100 illik yubileyi ilə əlaqədar söhbət keçirilib.

Şagirdlərə şairin həyat yolu, fəaliyyəti və yaradıcılığı haqqında məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə şairin 100 illiyi ölkəmizdə geniş qeyd edilir.

Diqqətə çatdırılıb ki, Nəbi Xəzri Azərbaycan ədəbiyyatını yeni poetik obrazlarla zənginləşdirərək onun inkişafında özünəməxsus rol oynayıb. Şair eyni zamanda ictimai xadim kimi də səmərəli fəaliyyət göstərib, Azərbaycan mədəniyyətinin xarici ölkələrdə təbliği istiqamətində təqdirəlayiq işlər görüb.