
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Elmi şuranın növbəti onlayn iclası keçirilib. İclasda 2019/2020-ci tədris ilində məsafədən tədrisin nəticələri, yay imtahan sessiyasının keçirilməsinin, magistr dissertasiyalarının müdafiəsinin nəticələri və s. məsələlər müzakirə olunub.
Universitetin rektoru, professor Ceyran Mahmudova bildirib ki, COVİD-19 pandemiyasına qarşı həyata keçirilən karantin tədbirləri ilə əlaqədar mart ayından etibarən ölkədə fəaliyyət göstərən bütün təhsil müəssisələrinin fəaliyyəti məhdudlaşdırılıb. Bundan dərhal sonra universitetin professor-müəllim heyəti öz təşəbbüsü ilə dərslərin onlayn şəkildə davam etdirilməsini təmin edib. Əvvəllər müxtəlif virtual ünsiyyət proqramlarından istifadə edərək tədris prosesini aparan müəllimlər daha sonra Təhsil Nazirliyinin dəstəyi ilə “Microsoft Teams” platforması vasitəsilə dərslərini daha rahat və sistemli şəkildə keçmək imkanı əldə ediblər. Yay imtahan sessiyası da onlayn şəkildə həyata keçirilib. Tələbələrə müəyyən güzəştlər edilib, prerekvizit fənn, qabiliyyət ixtisaslarında baza fənləri və bütün təcrübələr üzrə imtahanlar təxirə salınıb. Magistr dissertasiyalarının müdafiəsi də yüksək səviyyədə təşkil edilib.
İclasda həmçinin yay məktəbinin təşkili məsələsi müzakirə olunub. Qərara alınıb ki, yay məktəbi ödənişsiz əsaslarla təşkil edilsin və tələbələrə bilik və bacarıqların mənimsənilməsi və müvəffəq qiymətlər alması üçün maksimum şərait yaradılsın.
Rektor belə mürəkkəb bir vaxtda səylə çalışdıqlarına və tədris prosesini ardıcıl və keyfiyyətli şəkildə davam etdirdiklərinə görə universitetin professor-müəllim heyətinə, inzibati və texniki işçilərinə təşəkkürünü bildirib.