Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının təşəbbüsü ilə “Pandemiya dövründən sonra daxili turizmin inkişafı və region hotellərinin xüsusi hazırlığı” mövzusunda onlayn müzakirə keçirilib.

Müzakirələrdə karantin dövründən sonra hotellərin fəaliyyəti, təklif olunan xidmətlərdə yeni qiymət siyasəti, hotellərdə sanitariya və gigiyena qaydalarına riayət olunması, qonaqların qarşılanması və yerləşdirilməsi kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Assosiasiyanın sədri Rüfət Hacıyev karantin dövründən sonra daxili turizmin inkişaf etdirilməsi və vətəndaşlara daha sərfəli turizm xidmətləri göstərmək üçün turizm şirkətləri ilə hotellərin sıx əməkdaşlıq etməsinin vacib olduğunu bildirib. O, pandemiyadan sonra daxili turizmə marağı artırmaq üçün turizm şirkətlərini və hotelləri yeni təkliflər üzərində işləməyə çağırıb.

Müzakirələrdə çıxış edən hotel təmsilçiləri pandemiyadan sonra vətəndaşlara göstərilən turizm xidmətlərində yeni norma və standartların, xüsusi yanaşmaların tətbiq ediləcəyini diqqətə çatdırıblar. Bildirilib ki, Vətəndaş hotelə daxil olarkən ilk növbədə xüsusi avadanlıqla onların hərarəti ölçüləcək. Müştəri ilə hotel personalı arasında sosial məsafənin saxlanılması təmin olunacaq. Eyni zamanda, hotel nömrələrindən istifadə edən müştəri, hoteldən çıxış etdikdən sonra həmin otağa 48 saat müddətində heç kəs buraxılmayacaq. Yalnız bu müddət başa çatdıqdan sonra nömrə təmizlənib yeni müştərilərin istifadəsinə veriləcək.

Daha bir yenilik isə müştərilərə təqdim olunan səhər yeməklərində açıq bufetlərin ləğv olunması, masalar arasında minimum 2 metr məsafənin saxlanılması və sifarişlərin fərdi şəkildə hotel personalı tərəfindən qəbul olunmasıdır. Bunun üçün hotellər tərəfindən karantin dövründə işçi heyətinə xüsusi təlimlər də keçirilir.

Yay mövsümündə vətəndaşlara hotellər tərəfindən müxtəlif endirimli paketlərin və kampaniyaların da təklif olunacağı bildirilib.

Müzakirələrdə Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun hazırladığı SAHMAN proqramı haqqında da məlumat verilib. Dövlət Turizm Agentliyinin Turizm sektorunun müdiri Günay Bayramova bununla bağlı artıq onlayn təlimlərin keçirildiyini və bu proqramın yerləşdirmə, xidmət və nəqliyyat vasitələrində tətbiq olunmasının vacib amil olduğunu bildirib. Eyni zamanda qurum rəsmisi hotellərdə COVİD-19 virusunun yayılmaması üçün hər bir hoteldə xüsusi izolyasiya otağının olmasını təklif edib.

Hotel rəsmiləri yay mövsümündə fəaliyyətlərinin Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi tapşırıq və tövsiyələrə əsasən tənzimlənəcəyini bildiriblər.