Bəzi məkanlar iki həftə ödənişsiz işləyəcək

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən qoruqlara koronavirus (COVİD-19) infeksiyasının qarşısının alınması məqsədilə tətbiq olunmuş giriş məhdudiyyəti aradan qaldırılıb.

Bu barədə qərar Nazirlər Kabineti yanında Operativ Qərargahın 18 may 2020-ci il saat 00:00-dan etibarən Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə qərarı rəhbər tutularaq verilib.

Qoruqların fəaliyyəti sosial izolyasiya tədbirlərinə uyğun olaraq həyata keçiriləcək. Ziyarətçilər sosial məsafə və sanitar-epidemioloji qaydalara əməl etmək şərti ilə qoruqları ziyarət edə bilərlər.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın 14 mart 2020-ci il tarixindən ölkə ərazisində bəzi sosial izolyasiya tədbirlərinin tətbiqi barədə qərarına uyğun olaraq qoruqlara ziyarətçilərin girişinə məhdudiyyət qoyulmuşdu.

18 may tarixindən etibarən Dövlət Turizm Agentliyinin (DTA) tabeliyində olan turizm nümayişi obyektləri, eləcə də məbəd və muzeylərə tətbiq olunmuş giriş məhdudiyyəti də aradan qaldırılıb.

DTA-nın mətbuat xidmətindən bildirilib ki, müəssisələrin fəaliyyəti sanitar-epidemioloji qaydalar, həmçinin TƏBİB tərəfindən hazırlanmış “Turizm və hotelçilik sektorunda koronavirus (COVİD-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”in tələbləri nəzərə alınmaqla davam etdiriləcək.

Bununla yanaşı, Dövlət Turizm Agentliyi Ramazan bayramı, Respublika Günü və Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə daxili turizmin inkişafına dəstək məqsədilə mayın 19-dan iyunun 2-dək tabeliyində olan bir neçə turizm müəssisəsinə girişi ödənişsiz edəcək.

Ziyarətçilər aşağıda adları qeyd olunan turizm obyektlərinə sosial məsafə və sanitar-epidemioloji qaydalara əməl etmək şərtilə ödənişsiz daxil ola bilərlər: “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu; “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu; Lahıc Tarix-Diyarşünaslıq Muzeyi; Şəki Tarix-Diyarşünaslıq Muzeyi; Şəki Xalq Tətbiqi Sənəti Muzeyi.