
1909-ci il martın 22-də Qazax rayonunun Şıxlı kəndində anadan olan Mehdi Hüseyn 1929-ci ildə Azərbaycan Dövlət Universiteti pedaqoji fakültəsinin tarix şöbəsini, 1938-ci ildə isə Moskvada Dövlət Kinematoqrafiya İnstitutu yanında akademiya tipli kinossenaristlər kursunu bitirmişdir. Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinin məsul katibi, Azərbaycan Sovet Yazıçıları İttifaqı Təşkilat Komitəsinin məsul katibi Azərbaycan Yazıçıları İttifaqı İdarə Heyətinin birinci katibi, SSRİ Yazıçıları İttifaqı İdarə Heyətinin katibi (1958-1965) olmuşdur.
Yaradıcılığa müxbir yazıları ilə başlamışdır. İlk tənqidi məqaləsi («Bizdə futurizm cərəyanı») 1926-ci ildə, ilk hikayəsi («Qoyun qırxımı») isə 1927-ci ildə dərc edilmişdir. «Bahar suları» (1930), «Xavər» (1930) kitablarındakı hekayələrdə Azərbaycan kəndində yeni həyat uğrunda mübarizənin səciyyəvi epizodları, dövrün koloriti əksini tapmışdır. «Tunel» (1927), «Qan intiqamı» (1928), «Kin» (1935), «Daşqın» (1933-1936) romanında Mehdi Hüseyn fərdi xüsusiyyətləri ilə seçilən surətlər yaratmışdır.
Ən mühüm tarixi əsəri olan «Səhər» (1953), «Tərlan» (1940), «Vətən çiçəkləri» (1942), «Moskva» (1942), «Ürək» (1945), «Fəryad» (1945) əsərlərində vətənpərvərliyin qüdrəti, adamların mərdliyi və qəhrəmanlığı tərənnüm olunur. Neftçilərin həyatından bəhs edən «Abşeron» (1949), müəyyən mənada onun davamı olan «Qara daşlar» (1957-1959) və «Yeraltı çaylar dənizə axır» (1965) romanları ictimai, mənəvi-əxlaqi problemlərə cəsarətli müdaxilə baxımından diqqətə layiqdir.
Mehdi Hüseyn dramaturq kimi də tanınmışdır. Dram yaradıcılığına «Şöhrət» (1939) pyesi ilə başlamışdır. «Nizami» (1942) və «Cavanşir» (1957) tarixi dramlarında Azərbaycan xalqının vətənpərvərliyi, qəhrəmanlıq ənənələri əks olunmuşdur. «Alov» (1961), «İntizar» (1944, İlyas Əfəndiyevlə birgə), «Şamil» (1940-1941) və «Qara daşlar» (1948) pyesləri, habelə xatirələri, yol qeydləri («Bir ay və bir gün», 1963), gündəlikləri var.
Mehdi Hüseyn tənqid və publisistika sahələrində də fəaliyyət göstərmişdir. Əsərləri bir sıra xarici dillərə tərcümə olunmuşdur.
“Mədəniyyət”