Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsində olan "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində “Keşikçidağda elmi-arxeoloji qazıntılar və Yay məktəbi – 6” layihəsi çərçivəsində elmi-arxeoloji tədqiqatlar davam edir.
Qoruqdan verilən məlumata görə, AMEA Arxeologiya və Antropologiya İnstitutu ilə birgə keçirilən “Yay məktəbi”nin əsas məqsədi mədəniyyət, tarix, arxeologiya, turizm, muzey işi ixtisası üzrə təhsil alan, işləyən və bu sahələrə maraq göstərən gənclərin nəzəri biliklərini praktiki sahə təcrübəsi ilə zənginləşdirmək, arxeoloji tədqiqat metodları və mədəni irsin öyrənilməsi və qorunması prinsipləri ilə yaxından tanış etməkdir.
Layihə iştirakçıları Keşikçidağ kurqanlar vadisində aparılan arxeoloji tədqiqatlarla tanış olub, qazıntı prosesini izləyiblər.
Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vaqif Əsədovun rəhbərliyi ilə Sarıyoxuş dərəsindəki 4 saylı kurqanda aparılan qazıntı işləri barədə ziyarətçilərə məlumat verilib.
Sonra iştirakçılar üçün arxeoloji qazıntı metodikası, maddi-mədəniyyət nümunələrinin aşkar edilməsi, sənədləşdirilməsi və ilkin elmi qiymətləndirilməsi ilə bağlı master-klas keçirilib.
Qazıntı zamanı Orta Tunc dövründən Son Tunc dövrünə keçid mərhələsinə aid artefaktlar aşkarlanıb. Tapıntılar arasında tunc xəncər, qırmızı-qəhvəyi çaxmaqdaşından hazırlanmış 10 ox ucluğu, 2 obsidian ox ucluğu və hər iki tərəfi deşik olan daş əsa başlığı var.
Keşikçidağ qoruğu bu elmi-tədqiqat prosesinin bir hissəsi olmaq, arxeoloji qazıntıları yerində izləmək, qazıntı metodikası, sahə sənədləşdirilməsi və arxeoloji materialların ilkin öyrənilməsi ilə tanış olmaq istəyən hər kəsi bu layihəyə dəvət edir.
Tələbələr, magistrantlar, tarixçilər, tarix müəllimləri, tədqiqatçılar, könüllülər, abidə mühafizəçiləri, təhsil müəssisələrinin əməkdaşları, eləcə də tarix və arxeologiyaya maraq göstərən. minilliklərin izlərini kitab səhifələrindən deyil, birbaşa torpağın qatlarından oxumaq, keçmişi araşdıran elmi prosesin bir hissəsinə çevrilmək istəyən hər kəs layihəyə qoşula bilər.
























