Bu il 18-ci dəfə təşkil olunacaq Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının qonaqları arasında Avstriyanın "QR-tett" simli kvarteti də olacaq.
Vyanadakı “Orchesterwelt” Assosiasiyasının "QR-tett" simli kvarteti (das Streichquartett des Vereins Orchesterwelt) sentyabrın 21-də Bakıdakı Beynəlxalq Muğam Mərkəzinin (BMM) səhnəsində çıxış edəcək.
"XX./XXI." konsert layihəsi Avstriya Respublikasının Azərbaycandakı Səfirliyinin himayəsi altında həyata keçirilir.
Konsert proqramı barədə “Orchesterwelt” Assosiasiyasının rəsmi saytında ətraflı məlumat verilib.
Qeyd olunur ki, layihənin əsasını Avstriya və Azərbaycan arasında mədəni dialoq təşkil edir. Konsert proqramı XX və XXI əsrlərə aid Avstriya bədii musiqisi ilə Azərbaycan bəstəkarlarının əsərlərini birləşdirərək zəngin ənənələrə malik iki fərqli musiqi mədəniyyəti arasında sənət mübadiləsi üçün zəmin yaradır.
Layihə Avstriyanın İncəsənət, Mədəniyyət, Mənzil, Media və İdman Nazirliyi, Avropa və Beynəlxalq İşlər üzrə Nazirliyi (Xarici İşlər Nazirliyi) və Avstriya İfaçılar Cəmiyyəti tərəfindən dəstəklənir.
21 sentyabrda BMM-də keçiriləcək konsertdə Avstriya bəstəkarları Yozef Mattias Hauer (Josef Matthias Hauer), Eqon Vellests (Egon Wellesz), Arnold Şönberq ( Arnold Schönberg), Anton Vebern (Anton von Webern), Alban Berq (Alban Berg), Regina Alferi (Regina Alfery), Ruzbeh Nafizi (Roozbeh Nafisi), Maksim Seluyanov (Maxim Seloujanov), həmçinin Azərbaycan bəstəkarları Sərdar Fərəcov və Rüfət Xəlilovun əsərləri səslənəcək.
Bununla konsert həm Avstriya musiqi tarixinin görkəmli simalarını, həm də Avstriya bəstəkarlarının yeni nəslini Azərbaycanın müasir musiqi nümayəndələri ilə yanaşı təqdim edəcək.
Vyana simli kvarteti – "QR-tett" 2020-ci ildə Yelena Rozanova tərəfindən təsis edilib və müasir Avstriya musiqisinin ifasında ixtisaslaşıb. Ötən müddətdə Avstriya bəstəkarlarının əsərlərinin çoxsaylı dünya premyeralarını ifa edib.
Kvartetin tərkibinə Yelena Rozanova (skripka), Kinga Vass ( skripka), Linus Koring (alt) və Namdar Məcidi (violonçel) daxildir.
BMM-dəki konsertdə Azərbaycanın Əməkdar artisti Rəna Rzayeva (fortepiano) da solist kimi çıxış edəcək.
***
“XX./XXI.” Konsert layihəsinin proqramı:
Egon Welles. “Axşam” – İlk təəssürat “Pastoral” Op. 4 (1909-1910) (piano)
Rüfət Xəlilov. Simli kvartet "Ornamento" (2014)
Anton Webern. Piano üçün uşaq əsəri (1924)
Alfery/Raimund Trimmel. Simli kvartet №2 (2008)
Alban Berg. B-flat minorda piano parçası (1907-1908)
Ruzbeh Nafizi. Simli kvartet "Abuuataa" (2020)
Josef Mattias Hauer. Fortepiano üçün on iki tonlu oyun (1953)
Sərdar Fərəcov. Simli kvartet (1980)
Arnold Schoenberg. Gavotte Op. 25 (1921–1923) (fortepiano)
Maksim Seluyanov. Fortepiano kvinteti "Bağın kölgəsində" (2023)
***
Xatırladaq ki, Sərdar Fərəcov və Rüfət Xəlilovun, eləcə də Ruzbeh Nafizi və Maksim Seluyanov qeyd olunan əsərləri “Orchesterwelt”in simli kvartetinin ifasında 2025-ci ilin 21 oktyabrında Vyanada keçirilən konsertdə səslənib.
Vüqar Orxan





















