30-31 may tarixlərində Azərbaycan Nəşriyyatları Assosiasiyasının (ANAİB) təşkilatçılığı, Qax Rayon İcra Hakimiyyətinin, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin (RMİ), habelə Şəki-Zaqatala Regional Gənclər və İdman, Təhsil idarələrinin, Şəki Regional Turizm İdarəsinin və Azərbaycan Yazıçılar Birliyi Şimal-Qərb regional bölməsinin tərəfdaşlığı ilə I Qax Kitab Sərgisi keçirilib.

Bu barədə Şəki-Zaqatala RMİ məlumat yayıb.

Qax şəhərindəki “İçəribazar” kompleksində açılan sərgidə müxtəlif nəşriyyatların kitab stendləri, yeni nəşrlərin təqdimatı, müəlliflərin imza saatları təşkil olunub.

Açılış mərasimində Qax rayonunu icra başçısı Elvin Paşayev, eləcə də tərəfdaş qurumların nümayəndələri çıxış edərək belə tədbirlərin kitabın təbliği və oxu mədəniyyətinin inkişafında mühüm rol oynadığını vurğulayıblar. Qeyd olunub ki, beş ildir fəaliyyət göstərən ANAİB tərəfindən bu günədək ölkənin 30-dək şəhər və rayonunda kitab sərgiləri təşkil edilib. Qax Kitab Sərgisinin növbəti illərdə də keçiriləcəyi bildirilib.

Sərgidə 30-dan çox nəşriyyat çap məhsullarını nümayiş etdirib. 

Səməd Vurğun adına Qax rayon Mədəniyyət Mərkəzinin və Qax rayon Uşaq incəsənət məktəbinin konsert proqramı tədbirə rəng qatıb.