Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə fransız yazıçısı Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanı təqdim edib.
Dünya ədəbiyyatının məşhur nümunəsi 2019-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın dəstəyi ilə Akademik Musiqili Teatrda səhnəyə qoyulub.
Tamaşanın budəfəki nümayişini balaca sənətsevərlərlə yanaşı, Heydər Əliyev Fondunun vitse-prezidenti rəhbəri Leyla Əliyeva, Prezidentin gəlini Alyona Əliyeva, həmçinin mədəniyyət naziri Adil Kərimli, fövqəladə hallar naziri Kəmaləddin Heydərov və digər rəsmilər də izləyiblər.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, səhnələşdirəni yazıçı-publisist İlqar Fəhmi, bəstəkarı Ruslan Ağababayev, rəssamı Məryəm Ələkbərli (1991-2025), xoreoqrafı Rusiyanın Əməkdar incəsənət xadimi Sergey Qritsay, baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, bərpaçı rejissoru Sevinc Məmmədova, bərpaçı xoreoqrafı Məhəmməd Abdullayev, rejissor assistenti isə Çimnaz Bağırovadır.
Səhnə əsərində teatrın aktyorları Faiq Mirzəyev (Kral), Əmrah Dadaşov (Pilot), Hüseyn Əlili (Aydın), Rauf Babayev (Kommersant), Ruslan Mürsəlov (Tülkü), Zaur Əliyev (Dərviş), Nuray Məmmədzadə (Qızılgül), Murad Əliyev (Şoumen), həmçinin balet artistləri iştirak ediblər. Balaca şahzadə obrazını isə 44 günlük Vətən müharibəsi şəhidi Telman Kəlbiyevin oğlu Elcan Kəlbiyev canlandırıb.


























