AMEA Folklor İnstitutunda "Şəhərsalma və Memarlıq İli" üzrə tədbirlər çərçivəsində “Şəhər folkloru: sosial kimlik kontekstində kollektiv yaddaş” mövzusunda elmi sessiya keçirilib.
Bu barədə institutdan məlumat verilib.
Sessiyada çıxış edən Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru Hikmət Quliyev bildirib ki, şəhərsalma və memarlıq məsələləri müasir dövrdə yalnız tikinti və urbanizasiya ilə məhdudlaşmır, eyni zamanda, kollektiv yaddaş, mədəni identiklik və sosial münasibətlər sisteminin formalaşmasına təsir göstərir. Bu baxımdan şəhər mühitinin humanitar aspektlərdən araşdırılması xüsusi əhəmiyyət daşıyır.
Hikmət Quliyevin “Sosial-mədəni transformasiya və kommunikativ dinamika müstəvisində şəhər folkloru” mövzusunda məruzəsində şəhər folklorunun Azərbaycanda kifayət qədər sistemli şəkildə araşdırılmadığı, folklorşünaslıqda tədqiqatların əsasən kənd mühiti üzərində qurulduğu qeyd olunub. Alim bildirib ki, şəhər folkloru ayrıca sosial-mədəni və kommunikativ mühit kimi öyrənilməli, urbanizasiya, miqrasiya və sənayeləşmə prosesləri kontekstində təhlil edilməlidir.
Folklor nəzəriyyəsi şöbəsinin müdiri professor Füzuli Bayat “Polisentrik kültür paradiqmasında şəhər folkloru” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə şəhər folklorunun formalaşma mexanizmləri, urbanizasiya prosesləri, sənaye inqilablarının sosial-mədəni mühitə təsiri və müxtəlif etnik-mədəni qrupların qarşılıqlı əlaqəsi nəticəsində yaranan yeni folklor modelləri təhlil olunub.
Folklor İnstitutunun elmi işlər üzrə direktor müavini dosent Afaq Xürrəmqızı “Hüseynqulu Sarabski və Bakı folkloru” mövzusunda məruzəsində qeyd edib ki, sovet dövründə folklor əsasən kənd mühiti ilə əlaqələndirilib, şəhər folkloru isə lazımi səviyyədə öyrənilməyib. Bununla belə, Hüseynqulu Sarabski, Hənəfi Zeynallı, Rəxşəndə Babayeva kimi tədqiqatçıların fəaliyyəti Bakı folklorunun zəngin və müstəqil bir şəhər folklor sistemi olduğunu sübut edir. Məruzədə xüsusilə Hüseynqulu Sarabskinin “Köhnə Bakı” əsəri əsas mənbə kimi təqdim edilib. Vurğulanıb ki, Sarabskinin təsvir etdiyi hadisələr yazıçı fantaziyası deyil, müəllifin İçərişəhərdə keçən uşaqlıq və gənclik illərinin canlı müşahidələridir. Bu səbəbdən “Köhnə Bakı” yalnız memuar deyil, həm də etibarlı etnoqrafik və folklor qaynağı hesab olunur. Əsərdə Novruz mərasimləri, “Qələndər”, “Kosaldıqaç”, “Oğru-oğru”, “Aşıq-aşıq”, “Fincan-fincan” kimi oyunlar, toy adətləri, bağ həyatı, dini mərasimlər və məhəllə əyləncələri geniş şəkildə təsvir edilir.
Elmi sessiya iştirakçıların sualları və müzakirələrlə başa çatıb.






















