F.Köçərli adına Respublika Uşaq Kitabxanasında 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş bayram tədbiri keçirilib.

Kitabxanadan bildirilib ki, tədbirdə “Kaspi” liseyinin şagirdləri və “Fidan-2” uşaq bağçasının uşaqları iştirak ediblər.

Bayram proqramının xüsusi qonaqları uşaqların sevimli yazarları Gülzar İbrahimova və Elvira Məmmədova olublar.

Müəlliflər xeyirxahlıq, dostluq, mərhəmət kimi humanist dəyərləri aşılayan, uşaqların təxəyyülünü və xəyal dünyasını zənginləşdirən yeni nağıllarını balaca oxuculara təqdim ediblər. Uşaqlar yazıçıların oxuduqları nağılları maraqla dinləyərək müəlliflərlə səmimi ünsiyyət qurublar.

Bayram tədbiri çərçivəsində kitabxana əməkdaşları tərəfindən master-klas da təşkil olunub. Yaradıcılıq məşğələsində uşaqlar müxtəlif material və rəngarəng kağızlardan əl işləri hazırlayıb, öz bacarıq və fantaziyalarını nümayiş etdiriblər. Təlim xarakterli məşğələlər uşaqların həm yaradıcılıq potensialının üzə çıxarılmasına, həm də praktik bacarıqlarının inkişafına müsbət təsir göstərib.

Tədbirin sonunda balaca qonaqlara kitabxana tərəfindən “Göy qurşağı” uşaq jurnalı və nağıl kitabları hədiyyə olunub.