Tarixdəki olaylar
2 fevral 1848 – ABŞ-la Meksika arasındakı müharibə (1846-1848) birincinin qələbəsi ilə yekunlaşıb. Texas, Nyu-Meksika və Yuxarı Kaliforniya üç yeni ştat olaraq ABŞ-yə birləşdirilib.
2 fevral 1943 – II Dünya müharibəsinin ən qanlı savaşı – 1942-ci ilin 17 iyulunda başlanan Stalinqrad döyüşü sovet qoşunlarının qələbəsi ilə başa çatıb. Altı ay yarım davam edən döyüşlərdə sovet qoşunları 480 minə, faşist ordu hissələri 500 minədək hərbçi itirmişdi. Döyüş bölgələrində on minlərlə sakin həlak olmuşdu. 90 mindən çox alman hərbçisi, o cümlədən feldmarşal Fridrix Paulus və 24 general əsir götürülmüşdü. Stalinqrad zəfəri müharibədə SSRİ-nin xeyrinə dönüş yaratdı, almanların Qafqazı, o cümlədən Bakını ələ keçirmək planları alt-üst oldu.
2 fevral 1996 – Bakıda Azərbaycan gənclərinin ilk ümumrespublika forumu keçirilib. Forumda Prezident Heydər Əliyev iştirak edib. Bir il sonra (1 fevral 1997-ci il) Prezident Heydər Əliyev həmin əlamətdar hadisəni və dövlət quruculuğu sahəsində gənclərin müstəsna rolunu nəzərə alaraq 2 fevralın Azərbaycan Gəncləri Günü elan edilməsi barədə sərəncam imzalayıb.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
2 fevral 1595 – Niderland rəssamı, klassisizmin tanınmış nümayəndəsi Yakob van Kampen (Jacob van Campen; 1595 – 13.9.1657) anadan olub.
2 fevral 1873 – Avstriya bəstəkarı Leo Fall (1873 – 16.9.1925) anadan olub. “Madam Pompadur”, “Dollar şahzadəsi” və s. operettaların müəllifidir.
2 fevral 1882 – İrland yazıçısı və şairi, modernizmin nümayəndəsi Ceyms Coys (James Augustine Aloysius Joyce; 1882 – 13.1.1941) anadan olub.
2 fevral 1912 – Xalq artisti, rejissor, Dövlət mükafatı laureatı Məhərrəm Kazım oğlu Haşımov (1912 – 2.5.1969) Bakıda doğulub. Gənc Tamaşaçılar Teatrında, Rus Dram Teatrında baş rejissor işləyib. “Azərbaycanfilm” kinostudiyasının direktoru (1960-1965) olub.
2 fevral 1932 – Dilçi alim, akademik Ağamusa Ağası oğlu Axundov (1932 – 5.9.2015) Kürdəmirdə doğulub.
2 fevral 1936 – Əməkdar incəsənət xadimi, bəstəkar Rəşid Rza oğlu Məmmədov (1936 – 20.6.2006) Naxçıvan şəhərində anadan olub. Naxçıvan Dövlət Musiqili Dram Teatrında bir çox tamaşalara musiqi yazıb.
2 fevral 1940 – Əməkdar memar Feyzulla Ağasəfər oğlu Quliyev (1940 – 7.8.2023) Salyan rayonunun Arbatan kəndində doğulub.
2 fevral 1942 – Əməkdar mədəniyyət işçisi, aşıq Yanvar Piralı oğlu Bədəlov (1942 – 27.12.2018) İsmayıllı rayonunun Tircan kəndində doğulub.
2 fevral 1955 – Əməkdar artist Muxtar Şahmar oğlu İbadov (1955 – 23.9.2013) Balakən rayonunda doğulub. Şəki Dram, Dövlət Gənclər teatrlarının aktyoru olub, filmlərə çəkilib.
2 fevral 1983 – Xalq yazıçısı Əli Qara oğlu Vəliyev (27.2.1901 – 1983) vəfat edib. “Qarlı dağlar”, “Anaqız”, “Ötən günlər” və s. kitabların müəllifidir.
Hazırladı: Vüqar Orxan























