Tarixdəki olaylar

 

1 fevral 1930 – SSRİ Xalq Komissarları Soveti “Kütləvi kollektivləşmənin sürətləndirilməsi və qolçomaqlarla mübarizə haqqında” qərar qəbul edib. Repressiya maşını işə düşüb. Kolxoz quruculuğuna qarşı çıxanlar ya məhv edilir, ya da sürgünə göndərilirdi.

 

1 fevral 1949 – Türkiyənin paytaxtı Ankarada Azərbaycan Kültür Dərnəyi təsis edilib. Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə yaradılan qurum dünyadakı azərbaycanlıların təşkilatlanması sahəsində mühüm addım idi.

 

1 fevral 1994 – Erməni təxribatçı qrupu Bakı Dəmiryolu Vağzalında Kislovodsk – Bakı sərnişin qatarında partlayış törədib. Terror aktı nəticəsində 3 nəfər həlak olub, 20 nəfər yaralanıb. 

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

1 fevral 1895 – Amerika kinorejissoru Con Ford (John Ford – John Martin Feeney; 1895 – 31.8.1973) anadan olub. 4 dəfə “Oskar” mükafatına layiq görülüb.

 

1 fevral 1935 – Yazıçı-publisist Nazim Sadiq oğlu İbrahimov (1935 – 1.9.2019) Bakıda doğulub. Poliqrafiya və Kitab Ticarəti Komitəsinin sədri, “Azərbaycan” nəşriyyatının baş direktoru işləyib. Yazıçılar Birliyinin sədr müavini olub.

 

1 fevral 1948 – Əməkdar artist Əli Fərman oğlu Allahverdiyev (1948 – 15.6.2010) Samux rayonunda doğulub. Gəncə Dövlət Dram Teatrının aktyoru olub.

 

1 fevral 1999 – Məşhur türk musiqiçisi, bəstəkar Barış Manço (2.1.1943 – 1999) vəfat edib. Türkiyədə rok musiqisinin öncüllərindən biridir. Hazırladığı televiziya proqramları ilə bir çox ölkələrdə səfərdə olub.

 

1 fevral 2004 – Xalq artisti, rejissor, aktyor Lütfi Şahbaz oğlu Məmmədbəyov (6.2.1927 - 2004) vəfat edib. Televiziya tamaşalarına quruluş verib. “Qızmar günəş altında”, “Səhər”, “Sehrli xalat” və s. filmlərdə çəkilib.

 

1 fevral 2023 – Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Tərlan Əşrəf oğlu Seyidov (19.1.1943 – 2023) vəfat edib. BMA-nın Orta ixtisas musiqi məktəb-studiyasının direktoru olub.

 

Hazırladı: Vüqar Orxan