Tarixdəki olaylar

 

3 fevral (bəzi mənbələrdə 8 fevral) 1924 – Bakıda tramvay nəqliyyatı istifadəyə verilib. 1899-cu ildə Bakıda konka (relslər üzərində at qüvvəsi ilə hərəkətə gətirilən açıq vaqon) işləməyə başlamışdı. 1923-cü ildə elektrik tramvay xəttinin çəkilişi başlanır və 1924-cü il fevralın əvvəlində istismara verilir. 2002-ci ildə Bakıda tramvay nəqliyyatı ləğv olundu.

  

3 fevral 1958 – Haaqa (Niderland Krallığı) şəhərində bir araya gələn Belçika, Niderland və Lüksemburq gələcək Avropa Birliyinin özəyi olan “Benilüks” iqtisadi ittifaqının əsasını qoyublar.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

3 fevral 1809 – Alman bəstəkarı, dirijor Feliks Mendelson (Jakob Ludwig Felix Mendelssohn Bartholdy; 1809 – 4.11.1847) anadan olub. “Toy” marşının müəllifidir.

 

3 fevral 1881 – Rus kinematoqrafının banilərindən biri, rejissor Yakov Akeksandroviç Protazonov (1881 – 8.8.1945) anadan olub.

 

3 fevral 1891 – İctimai xadim, jurnalist, tərcüməçi Ceyhun bəy Əbdülhüseyn oğlu Hacıbəyli (1891 – 22.10.1962) anadan olub. Dahi bəstəkar Üzeyir Hacıbəylinin kiçik qardaşıdır. Xalq Cümhuriyyəti dövründə “Azərbaycan” qəzetinin redaktoru olub. Sonra mühacirətə gedib, Fransada yaşayıb və orada vəfat edib. Məzarı Parisdədir.

 

3 fevral 1951 – Əməkdar artist Həsənağa Hüseynəli oğlu Hüseynov (1951–2002) Bakıda doğulub. Azərbaycan Dövlət Kukla Teatrının aktyoru olub, teatrda truppa müdiri işləyib.

 

3 fevral 1959 – Əməkdar artist Mərdan Əhmədiyyə oğlu Feyzullayev (1959 – 13.8.2017) Şəki rayonunun Kiş kəndində doğulub. Şəki Dram Teatrının baş rejissoru olub. 1994-cü ildən Moskvada yaşayıb, özünün yaratdığı “Dərviş” teatrında Azərbaycan müəlliflərinin əsərlərini tamaşaya qoyub.

 

3 fevral 1962 – Xalq artisti, aktyor, rejissor Səməd Məmməd oğlu Mövləvi (20.2.1900 – 1962) vəfat edib. Naxçıvan Dövlət Musiqili Dram Teatrında çalışıb.

 

3 fevral 1990 – Görkəmli aktyor Hamlet Bəbir oğlu Xanızadə (5.6.1941 – 1990) vəfat edib. Kinoda, televiziya və teatr tamaşalarında yaddaqalan obrazlar yaradıb.

 

3 fevral 2022 – Əməkdar mədəniyyət işçisi, kino və televiziya operatoru Nəriman Səttar oğlu Şıxəliyev (14.10.1934 – 2022) vəfat edib.

 

Hazırladı: Vüqar Orxan