“TRT AVAZ” telekanalı tərəfindən “Yüzler” (“Simalar”) layihəsi üzrə sənədli filmlərin çəkilişlərinə start verilib.

Layihənin birinci hissəsi Azərbaycanda və İslam dünyasında şahmat üzrə ilk xanım beynəlxalq qrosmeyster, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyevaya həsr olunub.

Filmin rejissoru Murat Ocak bildirib ki, filmdə Aynur Sofiyevanın uşaqlıq illərindən başlayaraq, dünya miqyasında tanınan bir şahmat ustası və sahəsi üzrə liderlik mövqeyinə qədər yüksələn həyat yolu əks etdiriləcək.

Onun sözlərinə görə, ekran əsəri şahmat metaforası ilə Azərbaycanın müasir simasını, Bakının futuristik elementlərini və mədəni zənginliyini də əks etdirəcək. Çəkilişlər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Teleqüllə, ADA Universiteti, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası kimi məkanları əhatə edib.

Qeyd edək ki, filmin iyunun 23-dən 30-dək davam edən çəkilişləri ilə əlaqədar “TRT AVAZ”ın xüsusi heyəti Bakıya ezam olunub. Layihənin əlaqələndiricisi “TRT İstanbul” radiosunun “TRT TÜRKÜ” kanalında yayımlanan “Azərbaycan rüzgarı” verilişinin müəllifi və aparıcısı Səidə Ömərdir.

Layihə türk dövlətlərində elm, incəsənət, idman və digər sahələrdə uğur qazanmış qadınların həyat yollarını nümayiş etdirərək, Türk dünyası xanımlarının gücünü və ilhamverici hekayələrini ön plana çıxarmağı hədəfləyir.