Mayın 5-də Qahirədə (Misir) D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Turizm Nazirlərinin 4-cü iclası keçirilib.
Tədbirdə təşkilata üzv dövlətlərin turizm sahəsinə cavabdeh qurumlarının rəhbər və məsul şəxsləri iştirak ediblər.
İclasda Azərbaycanı Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə təmsil edib.
Tədbirdə çıxış edən Kənan Quluzadə iqtisadiyyatın əsas sahələrindən biri kimi turizmin inkişafına dövlət tərəfindən diqqət ayrıldığını qeyd edərək Azərbaycanın son illərdə irimiqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini vurğulayıb.
O, COP29-a ev sahibliyi edən ölkə kimi Azərbaycanın xüsusi səyi nəticəsində ilk dəfə turizm mövzusunun iqlim danışıqlarının əsas gündəliyinə salınması, indiyədək 70-dən çox ölkənin tərəfdar çıxdığı “Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bəyannaməsi” haqqında məlumat verib, D-8 təşkilatının üzvlərini bəyannaməyə qoşulmağa çağırıb.
Kənan Quluzadə qeyd edib ki, Azərbaycan D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində üzv ölkələrlə turizm əlaqələrinin inkişafına töhfə verməyə hazırdır.
İclasın sonunda üzv ölkələr arasında turizm sahəsində qarşılıqlı əməkdaşlıq və regional inkişaf sahəsində yeni imkanlar yaratmağı nəzərdə tutan “D-8 Turizm Əməkdaşlığı 2025 üzrə Qahirə Bəyannaməsi” qəbul edilib və Türkiyənin Antalya şəhəri 2025-ci il üçün təşkilatın turizm şəhəri seçilib.
D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı Türkiyənin təşəbbüsü ilə 1996-cı il oktyabrın 22-də İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransında təsis edilib. 1997-ci il iyunun 15-də İstanbulda 8 ölkənin dövlət və hökumət başçılarının sammitində təşkilat rəsmən elan olunub. Təşkilatın Katibliyi İstanbul şəhərində yerləşir. Təşkilata hazırda Misir sədrlik edir.
2024-cü ilin dekabrında Qahirədə keçirilən D-8 sammitində Azərbaycan yekdilliklə təşkilatın üzvü seçilib.
Qeyd edək ki, 2025-ci ilin ilk rübündə D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrdən Azərbaycana 160 mindən çox xarici ziyarətçi gəlib.