Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən (18–30 sentyabr) Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı zəngin proqramı ilə davam edir.

Azərbaycan Dövlət Uşaq Filarmoniyası bu il də istedadlı yetirmələri ilə musiqi bayramına öz töhfəsini verir.

Sentyabrın 19-da Dövlət Uşaq Filarmoniyasının “Səda” uşaq xoru geniş konsert proqramı ilə çıxış edib.

Filarmoniyadan verilən məlumata görə, “Retro dalğası” adlı konsert müxtəlif dövrləri əhatə edən rəngarəng və maraqlı musiqi nömrələri ilə yadda qalıb. Gənc ifaçıların peşəkar səhnə təqdimatı, ahəngdar xor ifası və musiqi əsərlərinin özünəməxsus interpretasiyası konsertə xüsusi ovqat bəxş edib.

“Səda” uşaq xorunun açıq havada canlı konsert proqramı şəhər sakinləri və paytaxtımızın qonaqları tərəfindən böyük maraqla qarşılanıb. Xorun ifasında səslənən Azərbaycan bəstəkarlarının kinofilmlərə yazdığı musiqi nümunələri tamaşaçılara xoş anlar yaşadıb, konsert şəhərin musiqi həyatına rəng qatan yaddaqalan tədbirlərdən birinə çevrilib.

Konsert proqramı boyunca uşaqların ifaçılıq bacarığı, kollektiv səhnə mədəniyyəti və musiqiyə sevgisi nümayiş olunub.

“Səda” uşaq xorunun bədii rəhbəri Aysel Mehdizadədir.

Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında iştirakı gənc nəslin milli musiqi irsinin təbliğinə və musiqi mədəniyyətimizin gələcək nəsillərə ötürülməsinə verdiyi töhfənin daha bir göstəricisidir.