Sentyabrın 20-də Xocavənddə ilk dəfə “Şəhər günü” qeyd olunub. Bu münasibətlə Mədəniyyət Nazirliyi və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən mədəni-kütləvi proqram təşkil edilib.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, 20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə “Şəhər günü” elan olunub. 2023-cü ilin həmin günü Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağda həyata keçirilən 23 saatlıq lokal antiterror əməliyyatının nəticəsi olaraq bölgədəki Ermənistan hərbi birləşmələri və qeyri-qanuni silahlı dəstələr tərk-silah olunub. Separatçı qondarma rejimin varlığına son qoyulub.

Beləliklə, 20 Sentyabr –– Dövlət Suverenliyi Günündə Xankəndi, Xocalı, Xocavənd və Ağdərə “Şəhər günü”nü də bayram edir.

Böyük Qayıdış proqramına uyğun olaraq 2026-cı ilin fevralından Xocavənd sakinlərinin də doğma yurdda məskunlaşması başlanıb.

“Şəhər günü” münasibətilə Xocavənd şəhərinin mərkəzi meydanında qurulmuş səhnədə təşkil olunan konsertə doğma yurda qayıtmış sakinlərlə birlikdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, mədəniyyət nazirinin müavini Murad Hüseynov da baxıblar.

Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov 20 Sentyabr – Dövlət Suverenliyi Günü və Şəhər Günü münasibətilə Xocavənd sakinlərinə təbriklərini çatdırıb.

Bildirib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş digər ərazilərimiz kimi Xocavənd də sürətlə bərpa olunur, qurulur. Bu günədək Xocavənd rayonunda 4500-ə yaxın sakin (1083 ailə) məskunlaşıb və bu proses davam edir.

Sonra səhnə incəsənət nümayəndələrinin ixtiyarına verilib.

Konsertdə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının instrumental ansamblı və solistlər – Xalq artisti Heydər Anatollu, müğənnilər Rövşən Qəhrəmanov, Ayşən Mehdiyeva, Fəxri Kazım-Nicat və Aynur İsgəndərli çıxış ediblər.

Vətənpərvərlik ruhlu, şən ovqatlı nəğmələrdən ibarət proqram alqışlarla qarşılanıb.

Xocavənddə “Şəhər günü” atəşfəşanlıqla başa çatıb.