Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 18-dən 30-dək keçiriləcək XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının zəngin proqramı var.

Festival çərçivəsində Bakı ilə yanaşı, Ağcabədi, Gəncə, Şuşa, Laçın, Ağdam və Lənkəranda müxtəlif konsert proqramları, tamaşalar, sərgilər, təqdimatlar və digər mədəni tədbirlər təşkil olunacaq.

Festivalın ilk günü – sentyabrın 18-də Üzeyir Hacıbəylinin və görkəmli mədəniyyət və incəsənət xadimlərinin məzarları ziyarət ediləcək. Həmin gün Azərbaycan Milli Konservatoriyasında Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş tədbir, Yaqub Məmmədov adına Mədəniyyət Mərkəzində kitab və rəsm sərgisi, eləcə də konsert proqramı keçiriləcək.

Həmçinin Üzeyir Musiqi Gününə həsr olunmuş tədbirdə Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestri, Azərbaycan Dövlət Xor Kapellası və Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri çıxış edəcək.

Üzeyir Hacıbəylinin Bakıdakı ev-muzeyində isə "Musiqi günü"nə həsr olunmuş konsert proqramı təqdim olunacaq. Proqramda Üzeyir Hacıbəylinin, Vasif Adıgözəlovun, Niyazinin, Tofiq Quliyevin və digər bəstəkarların əsərləri səsləndiriləcək.

Festival çərçivəsində Şuşada da konsert təşkil olunacaq. Üzeyir Hacıbəylinin Şuşadakı ev-muzeyinin qarşısında keçiriləcək konsertdə Qarabağ Universitetinin kollektivi, "Cadenza" orkestri, tələbə xoru və solistlər iştirak edəcəklər. Proqramda Üzeyir Hacıbəylinin "Koroğlu", "Leyli və Məcnun", "Arşın mal alan" əsərləri ilə yanaşı, Azərbaycan bəstəkarlarının digər əsərləri də təqdim olunacaq.

Festivalın təntənəli açılış mərasimi sentyabrın 18-də M.Maqomayev adında Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçiriləcək. Açılışda Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək. Orkestrə Fuad İbrahimov dirijorluq edəcək. Solistlər arasında Macarıstandan skripka ifaçısı Sandor Laszlo, eləcə də Nicat Salmanov və Alim Sadıxov yer alacaq.

Sentyabrın 19-da Türk Dünyası Bəstəkarlarının I Qurultayının açılışı keçiriləcək. Qurultay çərçivəsində Türk Bəstəkarlar İttifaqının (Turkic Union of Composers) təsis iclası, kamera musiqisi konserti və digər tədbirlər təşkil olunacaq.

Festival proqramında müxtəlif ölkələrdən musiqiçilərin iştirakı ilə konsertlər də nəzərdə tutulub. Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə "Sound of the Land of Fire Music Competition" layihəsinin qaliblərinin konsertləri, Avstriyadan gələn ifaçıların proqramları, eləcə də Türkiyə və digər türk dövlətlərinin musiqi əsərlərindən ibarət konsertlər keçiriləcək.

Sentyabrın 23-də Laçında "Royalların təqdimatı" layihəsi çərçivəsində konsert proqramı təqdim ediləcək. Proqramda Azərbaycan bəstəkarlarının əsərləri ilə yanaşı, V.Mustafazadə, Q.Qarayev, F.Bədəlbəyli, T.Quliyev, M.Maqomayev və digər bəstəkarların əsərləri səsləndiriləcək.

Festival çərçivəsində sentyabrın 24-də Heydər Əliyev Sarayında Üzeyir Hacıbəylinin "Koroğlu" operası, Lənkəran Dövlət Dram Teatrında isə "Arşın mal alan" operettası nümayiş olunacaq.

Sentyabrın 26-da isə Avstriyadan dirijor Markus Qayselhartın (Markus Geiselhart) rəhbərliyi ilə Estrada-Simfonik Orkestrinin iştirakı ilə "Şərq ekspresi – Vyanadan Bakıya" (Orient Express) adlı konsert keçiriləcək. Proqramda Markus Qayselhart, Rafiq Babayev, Tofiq Quliyev, Elbəy Məmmədzadə və digər bəstəkarların əsərləri təqdim ediləcək.

Festivalın sonuncu günündə – sentyabrın 30-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti təşkil olunacaq. Xalq artisti Yalçın Adıgözəlovun dirijorluq edəcəyi konsertdə Gürcüstandan skripka ifaçısı Eliso Qoqibedaşvili (Elisso Gogibedaschwill) solist qismində çıxış edəcək.

Festival proqramı xarici ölkələri də əhatə edir. Sentyabrın 19-da Ankarada Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş, Azərbaycan və Türkiyə opera sənətçilərinin birgə iştirakı ilə konsert proqramı keçiriləcək. Tədbir Ankara "Mədəniyyət Yolu" Festivalının açılışı çərçivəsində təşkil olunacaq.