Azərbaycan xalça sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı, ornamentalist və alim Lətif Kərimovun (1906–1991) 120 illiyi münasibətilə Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən sərgi təşkil olunacaq.
Qalereyadan verilən məlumata görə, sərginin əsas məqsədi Lətif Kərimovun zəngin yaradıcılıq irsini, Azərbaycan xalça sənətinin bədii ənənələrini və onun milli təsviri və dekorativ-tətbiqi sənətin inkişafına təsirini müasir bədii yanaşmalar kontekstində təqdim etməkdir.
Azərbaycan Dövlət Rəsm Qalereyası sərgidə iştirak etmək istəyən rəssam və sənətkarlar üçün əsər qəbulu elan edib.
Sərgiyə xalça və xalça eskizləri ilə yanaşı, Lətif Kərimovun həyat və yaradıcılığına, onun yaratdığı ornament və kompozisiyalara, eləcə də Azərbaycan xalça sənətinin bədii irsinə həsr olunmuş rəngkarlıq, qrafika, heykəltəraşlıq və dekorativ-tətbiqi sənət əsərləri təqdim edilə bilər.
Təqdim olunan əsərlər müvafiq komissiya tərəfindən dəyərləndiriləcək və seçim mərhələsindən keçmiş əsərlər sərgidə nümayiş olunacaq.
Əsərlərin seçimində mövzuya uyğunluq, bədii ideya və müəllif yanaşması, kompozisiya həlli, milli ornament və ənənələrin yaradıcı interpretasiyası, bədii-estetik keyfiyyət və icra səviyyəsi əsas meyarlar kimi nəzərə alınacaq.
Əsərlər üçün minimum ölçü 1 m²-dir.
Sərgidə iştirak etmək istəyən müəlliflər aşağıdakı məlumatları resmsergi@gmail.com elektron ünvanına təqdim etməlidirlər:
* əsərin keyfiyyətli fotosu;
* əsərin adı və ölçüləri;
* istifadə olunan texnika və material;
* müəllifin adı və soyadı;
* əlaqə nömrəsi.
Son qeydiyyat tarixi: 30 sentyabr 2026-cı il
Əlaqə: 0704935431



















