Azərbaycan Kinematoqrafçılar İttifaqına (AKİ) sədr seçkisi ilə bağlı xeyli vaxtdır gözlənilən, uzun mübahisə və müzakirələri gedən konfrans, nəhayət, 11 sentyabr 2026-cı ildə baş tutdu.
Nizami Kino Mərkəzinin 5-ci mərtəbəsindəki konsert zalında (Baku Events Hall) bu dəfə kino xadimləri, bu sənətdə əməyi keçən, eləcə də kinoya yaxından-uzaqdan aidiyyəti olanlar toplaşmışdı.
AKİ-nin 200-dək üzvünün iştirak etdiyi konfransda sədrliyə yalnız bir nəfərin – ittifaqın sədr müavini Xalq artisti Şəfiqə Məmmədovanın namizədliyi irəli sürülüb.
Səsvermə nəticəsində Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni sədri seçilib.
Xatırladaq ki, Şəfiqə Məmmədova 2012–2023-cü illərdə AKİ-dən ayrılmış kino xadimlərinin təsis etdiyi “Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı” (ARKİ) adlı təşkilatın sədri olub.
5 mart 2024-cü il tarixində keçirilən birgə konfransda ARKİ AKİ-yə birləşib. O vaxtadək (2022-ci ildən) AKİ-nin rəhbəri olan Xalq artisti Rasim Balayev yenidən sədr seçilib, Şəfiqə Məmmədova isə sədr müavini olub.
Rasim Balayevin vəfatından (29 mart 2026-ci il) sonra təşkilata rəhbərlik məsələsi ilə bağlı idarə heyətində (AKİ-nin saytında yer alan məlumata görə, idarə heyətinin 36 üzvü var) və ümumilikdə kino ictimaiyyətində fikir ayrılığı yaranmış, bu səbəbdən yeni sədrin seçilməsi üçün AKİ konfransının keçirilməsi mümkün olmamışdı.
Nəhayət, 11 sentyabrda AKİ-də yeni sədr məsələsi həll olundu.
Ölkənin kino ictimaiyyəti və kino sənəti üçün xeyirli-uğurlu olsun!
























