Müstəqil yaradıcı kollektiv kimi 2025-ci ildə fəaliyyətə başlayan Şəfəq teatrı ikinci mövsümünə hazırlaşır.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbələri, həvəskar və peşəkar aktyorlardan formalaşan teatrın yaradıcısı və bədii rəhbəri ADMİU-nun IV kurs tələbəsi Paşa Ağayevdir. Onun bildirdiyinə görə, yeni mövsümün açılışı sentyabrın 18-də Milli Musiqi Gününə həsr olunmuş “Səhnəmizin şəfəq çağı” adlı teatral konsert proqramı ilə baş tutacaq. Proqram paytaxtın Xətai rayonundakı Heydər Əliyev adına istirahət parkının amfiteatrında açıq havada təqdim olunacaq.
Yeni mövsümün əsas layihələrindən biri isə Süleyman Sani Axundovun “Qorxulu nağıllar” silsiləsinə daxil olan, Abdulla Şaiqin pyes şəklinə saldığı “Qaraca qız” əsərinin tamaşası olacaq. Paşa Ağayevin quruluş verdiyi tamaşanın premyerası noyabr ayına planlaşdırılır.
Görkəmli dramaturq Əli Əmirlinin “Kişi və qadın” əsəri üzərində (rejissor Paşa Ağayev) də iş aparılır.
Qeyd edək ki, yaradıcı kollektiv ötən il tamaşaçılar qarşısına ilk dəfə Əli Əmirlinin “Ah, bu uzun sevda yolu” əsəri ilə çıxıb. Repertuarda Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası da var.
Bundan əlavə, ilin sonunadək N.V. Qoqolun “Müfəttiş” əsərinin motivləri əsasında tamaşasının (rejissor Əli Zeynallı) təqdim edilməsi nəzərdə tutulub.
"Şəfəq"in tamaşaları əsasən Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki Hacıağa Abbasov adına Mədəniyyət Mərkəzində (Maştağa qəsəbəsi) nümayiş olunur. Özəl və müstəqil teatr tamaşalarını müxtəlif müəssisə və məkanlarda təqdim edən səyyar yaradıcı komanda kimi fəaliyyət göstərir.
Ötən mövsüm ərzində Azərbaycan teatrının tanınmış nümayəndələrindən Əməkdar artistlər Münəvvər Əliyeva, Anar Heybətov, Elşən Rüstəmov, Mehriban Xanlarova və başqaları gənc kollektivin tamaşalarını izləyərək ona dəstək ifadə ediblər. Əməkdar artist, müğənni Firuzə İbadova isə teatrın tamaşalarından birində çıxış edərək kollektivə dəstəyini nümayiş etdirib.
Paşa Ağayevin sözlərinə görə, əsas məqsədlərindən biri tamaşaları Bakının mərkəzində yerləşən səhnələrdə nümayiş etdirməkdir.























