Füzuli Dövlət Dram Teatrı yeni mövsümü dünya dramaturgiyasının ən möhtəşəm əsərlərindən biri – Vilyam Şekspirin “Maqbet” tamaşası ilə açmağı planlaşdırır.

Hazırda teatrda tamaşanın məşqləri gedir. Səhnə əsərinə rejissor Emil Əskərov quruluş verir.

Füzuli Dövlət Dram Teatrının ötən mövsümün yekunları və növbəti, 37-ci mövsüm üçün yaradıcılıq hədəfləri kollektivin ümumi  toplantısında nəzərdən keçirilib.

Teatrın direktor səlahiyyətlərini müvəqqəti icra edən direktor müavini Azər Abbasov kollektivi yeni mövsümünün başlanması münasibətilə təbrik edib, hər kəsə yaradıcılıq axtarışlarında yeni nailiyyətlər və məhsuldar fəaliyyət arzulayıb.

Ötən mövsüm ərzində teatr kollektivinin gördüyü işlərə diqqət çəkən və yaradıcı heyətin fəaliyyətini təqdir edən direktor bildirib ki, repertuarın zənginləşdirilməsi, tamaşaların peşəkar səviyyəsinin daha da yüksəldilməsi, tamaşaçı auditoriyasının genişləndirilməsi qarşıdakı dövrün mühüm vəzifələridir.

Teatrın şöbə müdirləri çıxış edərək yeni mövsümdə görülməsi nəzərdə tutulan işlər, qarşıya qoyulan məqsədlər və fəaliyyət planları barədə məlumat veriblər.