Türkiyənin Milli Təhsil Nazirliyi tərəfindən Türk dünyası adına son dərəcə əhəmiyyətli bir işin bu il həyata keçirilməsindən məmnunluq və həyəcan duyuruq. İbtidai və orta təhsil şagirdləri üçün hazırlanan “Türk dünyası mədəniyyət atlası” və “Türk dünyasına səyahət” mövzusunda nəşrlər il ərzində Türkiyə məktəblərində əsas mənbə kimi istifadə olunacaq. Bu addım tədris proqramına daxil edilməsi hədəflənən “Türk dünyası” seçmə fənni üçün də güclü başlanğıc xarakteri daşıyır.
Bu fikirləri mövzu ilə bağlı açıqlamasında Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin müavini, Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşad Zorlu ifadə edib.
O bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ortaya qoyduğu Türk dünyası vizyonuna uyğun olaraq hazırlanan bu kitablar cari tədris ilində çap materialı kimi şagirdlərin istifadəsinə veriləcək. Əsərlərin rəqəmsal və zənginləşdirilmiş məzmunları isə nazirliyin rəqəmsal platformaları vasitəsilə bütün müəllim, şagird və valideynlərin istifadəsinə təqdim olunacaq.
Qeyd olunub ki, sözügedən mənbələr Türk dünyasının tarixi şəxsiyyətlərini, qədim şəhərlərini, təbii və mədəni irsini, ədəbi və incəsənət irsini, ortaq dəyər və ənənələrini şagirdlərin yaş və inkişaf səviyyələrinə uyğun, aydın və sadə dildə bir araya gətirir.
“Bu ildən etibarən məktəblərimizdə tədris olunacaq bu kitablarla şagirdlərimizin ortaq mədəni irsimizi tanımaları, müasir Türk dünyasını daha düzgün anlamaları və gələcəyə uzanan mənəvi bağlarımızın əhəmiyyətini dərk etmələri hədəflənir. Qardaşlıq bağlarımızı möhkəmləndirəcək bu dəyərli işin xeyirli olmasını diləyir, başda milli təhsil naziri Yusuf Tekin olmaqla, əməyi keçən hər kəsə təşəkkür edirəm”, - deyə Kürşad Zorlu bildirib.
***
Türkiyə Milli Təhsil Nazirliyinin yaydığı məlumatda bildirilir ki, “Türk dünyası mədəniyyət atlası”nın hekayəsi Bilge və Hakanın babaları Turanın kitabxanasındakı Kaşqarlı Mahmudun “Divanü Lüğat-it-Türk” əsərində yer alan Türk dünyası xəritəsini nəzərdən keçirmələri və onun qoyub getdiyi məktubu oxumaları ilə başlanır.
Məktubdakı çağırışdan ilhamlanan Bilge və Hakan Malazgirdlə başlanan və Ankarada sona çatan bir səyahətə çıxırlar; bu səyahət onları Ahlat, Bakı, Aşqabad, Səmərqənd, Bişkek, Ötüken və Mostar kimi tarixi və mədəni mərkəzlərdən keçirir.
Səyahət boyu Bilge və Hakan ziyarət etdikləri şəhərlərin tarixi məkanlarını, memarlıq abidələrini, görkəmli şəxsiyyətlərini, adət-ənənələrini və mədəni dəyərlərini kəşf edirlər. Beləliklə, bu iki qəhrəmanı müşayiət edən şagirdlər müxtəlif dövrlər və coğrafiyalar boyunca Türk sivilizasiyasının qoyduğu irsi izləmək imkanı əldə edəcəklər.
Atlas Anadolu və Qafqazdan Türküstan və Sibirə, eləcə də Balkanlardan Aralıq dənizinə qədər uzanan 15 əsas marşrut vasitəsilə Türk dünyasının geniş coğrafiyasını əhatə edir.
Hər bir marşrut müvafiq bölgənin təbii və mədəni irsini nümayiş etdirən unikal xəritə səhifələri ilə başlayır. Tarixi şəhərlər, memarlıq abidələri, görkəmli şəxsiyyətlər, dastanlar, adət-ənənələr, musiqi, mətbəx, xalq sənətkarlığı və ortaq dəyərlər xəritələr, fotoşəkillər və orijinal illüstrasiyalar vasitəsilə şagirdlərə təqdim olunur.





















