Milli musiqi irsimizin ifa mədəniyyəti haqqında düşüncələr

Üzeyir Hacıbəyli irsi Azərbaycan üçün sadəcə qiymətli musiqi mirası deyil. Bu irs bizim milli yaddaşımızın, mədəni kimliyimizin və mənəvi varlığımızın ayrılmaz hissəsidir. Onun yaratdığı əsərlərə yalnız keçmişdən bizə gəlib çatmış musiqi nümunələri kimi baxmaq doğru olmaz. Çünki Üzeyir bəyin musiqisi bu gün də yaşayır, səslənir, ifa olunur və yeni nəsillərə çatdırılır.

Lakin məhz burada məni bir musiqiçi kimi düşündürən, hətta narahat edən bir məsələ var.

Son illərdə internet vasitəsilə Üzeyir Hacıbəylinin əsərlərindən müxtəlif ariyaları, duetləri və digər musiqi parçalarını fərqli ifalarda dinləmək imkanımız var. Bir musiqiçi üçün bu, təbii olaraq maraq doğurur. İstər-istəməz düşünürsən: görəsən, bu əsər başqa bir ifaçının səsində necə səslənib? Hansı yanaşma seçilib? Musiqinin ruhu necə qorunub?

Təəssüf ki, bu maraq çox zaman xəyal qırıqlığı ilə nəticələnir.

Bəzən qarşımıza Üzeyir bəyin yazdığı möhtəşəm melodiyanın özündən daha çox ifaçının şəxsi “yozumunu” eşitdiyimiz ifalar çıxır. Əsərin musiqi dili, üslubu, frazalanması, melodik xətti və vokal məntiqi ikinci plana keçir; onun yerini yersiz xırdalıqlar, həddindən artıq bəzəklər, süni emosional vurğular və müəllifin yazdığı musiqiyə yad olan ifa üsulları tutur.

Nəticədə isə qəribə bir mənzərə yaranır: bəstəkarın əsəri ifa olunur, amma biz bəstəkarın demək istədiyini deyil, ifaçının əsərə münasibətini dinləyirik.

Mənim üçün bu, sadəcə, estetik zövq məsələsi deyil.

Vokal sənətinə ömrünün 25–30 ilini həsr etmiş bir insan kimi mən bilirəm ki, ifaçının qarşısında yalnız notları səsləndirmək və texniki cəhətdən düzgün oxumaq vəzifəsi dayanmır. İfaçı, ilk növbədə, müəllifin yaratdığı musiqi dünyasına daxil olmağı bacarmalıdır. Orada özünü göstərməkdən əvvəl bəstəkarı eşitməlidir.

Xüsusilə söhbət Üzeyir Hacıbəyli kimi milli musiqi tariximizin nəhəng şəxsiyyətindən gedirsə, bu məsuliyyət daha da böyükdür.

Çünki Üzeyir bəyin əsərləri bizim üçün adi repertuar nümunələri deyil.

Onlar əmanətdir.

Əsəri ifa etmək, yoxsa yenidən yazmaq?

Burada çox incə, amma prinsipial bir sərhəd var.

İfaçı əsəri kor-koranə təkrarlamamalıdır. Əsl sənətkar əsəri yaşayır, onun daxilindəki mənanı axtarır, müəllifin demək istədiyini öz səsi, öz nəfəsi və öz daxili dünyası ilə dinləyiciyə çatdırır.

Məhz interpretasiya da budur.

Amma interpretasiya ilə təhrifin arasında görünməz bir xətt var.

Bu xətt keçildikdə artıq söhbət əsərin yaradıcı şəkildə təqdim edilməsindən deyil, əsərin dəyişdirilməsindən gedir.

Bəzən ifaçı özünü göstərmək istəyərkən əsəri göstərməkdən uzaqlaşır. Səs imkanlarını nümayiş etdirmək, uzun notları daha da uzatmaq, melodiyaya əlavə bəzəklər gətirmək, hər frazanı xüsusi şəkildə “bəzəmək”, emosiyanı süni şəkildə böyütmək...

İlk baxışda bunların hamısı ifaçılıq ustalığı təsiri bağışlaya bilər.

Amma sual başqadır:

Bütün bunlara əsər ehtiyac duyurmu?

Əgər musiqi cümləsi öz daxilində mükəmməl şəkildə qurulubsa, ona əlavə təfsir verməyə nə ehtiyac var? Bəlkə də musiqinin gücü elə ondadır ki, o, özünü sözlərin köməyi olmadan ifadə edə bilir. Yəni, musiqi öz sözünü deyibsə, ona təfsir əlavə etmək deyil, onu eşitmək lazımdır.

Əgər melodiyanın özündə duyğu varsa, nə üçün onu başqa vasitələrlə qışqırmağa məcbur edirik?

Əgər Üzeyir bəy müəyyən bir frazanı müəyyən şəkildə yazıbsa, həmin frazanın hər dəfə başqa cür “gözəlləşdirilməsi” həqiqətən də gözəllikdirmi?

Məncə, yox.

Çünki musiqidə hər əlavə gözəllik yaratmır.

Bəzən ən böyük ustalıq əlavə etməməkdir.

“Arşın mal alan”ı dinləyərkən...

“Arşın mal alan” haqqında danışarkən ilk növbədə bir həqiqəti unutmamalıyıq: bu əsər yalnız xalq tərəfindən sevilən bir musiqili komediya deyil. O, Azərbaycan musiqi mədəniyyətinin milli sərhədləri aşaraq dünya auditoriyasına çıxmasında mühüm rol oynamış sənət hadisəsidir. Bu əsərin əhəmiyyəti yalnız səhnə uğuru və melodik zənginliyi ilə deyil, Azərbaycan musiqisinin özünəməxsusluğunu, milli düşüncə tərzini və bədii-estetik dünyasını geniş coğrafiyalara çatdırması ilə ölçülür.

Bu əsərin melodiyaları illərdir müxtəlif ölkələrdə, müxtəlif dillərdə, müxtəlif səhnələrdə səslənib. Onun ayrı-ayrı ariyaları, duetləri, ansambl parçaları müstəqil şəkildə də ifa olunub və bu gün internet sayəsində həmin ifaların böyük bir qismini dinləmək mümkündür.

Bir musiqiçi kimi mən də bəzən bunu xüsusi maraqla edirəm. Bu marağın mənim üçün daha xüsusi bir səbəbi də var. “Arşın mal alan” əsərində Əsgər obrazını dəfələrlə səhnədə canlandırmışam. Bu obrazı hər dəfə ifa edərkən əsərin musiqisinə yalnız bir ifaçı kimi deyil, onun daxilində yaşayan bir obrazın gözü ilə yanaşmışam. Əsgərin ariya və kupletləri, eləcə də onun musiqi dili zaman keçdikcə mənim üçün sadəcə ifa olunan melodiyalar olmaqdan çıxıb, hər dəfə yenidən kəşf etdiyim bir bədii dünyaya çevrilib.

Eyni ariyanı müxtəlif ifaçıların səsində dinləyirəm. Və məhz burada mənim üçün maraqlı bir sual yaranır: eyni melodik mətn niyə müxtəlif ifalarda bu qədər fərqli təsir bağışlayır?

Kimisi əsərin mahiyyətini hiss etdirir, kimisi səs imkanlarını nümayiş etdirir, kimisi isə, təəssüf ki, əsərin özünü kölgədə qoyur.

Və burada çox maraqlı bir sual meydana çıxır:

Nə üçün eyni notlar bir ifada möhtəşəm səslənir, digərində isə bizə yad gəlir?

Məsələ yalnız səsin gözəlliyində deyil.

Hətta yalnız vokal texnikada da deyil.

Əsas məsələ musiqinin daxili məntiqini duymaqdır.

Üzeyir bəyin melodiyasında müəyyən bir intonasiya, müəyyən bir fraza və müəyyən bir söz-musiqi münasibəti varsa, ifaçı onu öz zövqünə uyğun olaraq istənilən istiqamətə çəkə bilməz. Çünki həmin musiqi cümləsinin arxasında bəstəkarın düşüncəsi dayanır.

Bir frazanın harada nəfəs alması belə təsadüfi deyil.

Bir sözün hansı hecada vurğulanması belə təsadüfi deyil.

Bir melodik yüksəlişin harada baş verməsi, hansı səsin uzadılması, hansı notun sakit, hansının daha ifadəli səsləndirilməsi — bütün bunlar əsərin xarakterini formalaşdırır.

Bunları dəyişdikcə biz sadəcə ifa tərzini dəyişmirik.

Əsərin danışıq tərzini dəyişirik.

Milli musiqi ilə ifaçı fantaziyası arasında…

Üzeyir bəyin musiqisində bu məsələ xüsusilə həssasdır. Onun melodik dili göründüyü qədər sadə deyil. Bu melodiyaların arxasında Azərbaycan xalq musiqisinin intonasiya zənginliyi, muğam düşüncəsi, milli danışıq dili, obraz və dramaturgiya dayanır.

Ona görə də Üzeyir bəyin melodiyasını oxumaq sadəcə notları səsləndirmək deyil.

Onun musiqi dilini anlamaq lazımdır.

Milli musiqimizin zəngin ornamentika və improvizasiya ənənəsi var. Muğamın, xalq ifaçılığının, xanəndəlik məktəbinin özünəməxsus ifadə imkanları əsrlər boyu formalaşıb. Bunlar bizim böyük sərvətimizdir.

Amma milli musiqi ənənəsinə sahib olmaq hər yazılmış əsərin üzərinə həmin ənənənin bütün ifadə vasitələrini əlavə etmək demək deyil.

Hər musiqinin öz dili var.

Hər bəstəkarın öz üslubu var.

Hər obrazın öz nəfəsi var.

Hər bəzək musiqini zənginləşdirmir.

Bəzən bir kiçik ornament melodiyanın təbii axışını pozur.

Bəzən əlavə edilmiş bir neçə səs müəllifin yazdığı sadə və təsirli cümləni süni şəkildə ağırlaşdırır.

Bəzən həddindən artıq rubato (“tempo rubato” – sərbəst ifa tempi – red.) musiqinin dramaturji hərəkətini dayandırır.

Bəzən söz o qədər “ifadəli” oxunur ki, söz artıq öz təbiiliyini itirir.

Və bəzən ifaçı o qədər özünü göstərmək istəyir ki, səhnədə artıq Üzeyir bəyin qəhrəmanı yox, ifaçının özü görünməyə başlayır.

Məncə, bu, ciddi bir problemdir.

Çünki “Arşın mal alan”da obrazın gücü yalnız səsin nümayişində deyil, həmin səsin arxasında dayanan xarakterin və hissin ifadəsindədir.

Orada xarakter var.

Orada yumor var.

Orada sevgi var.

Orada milli kolorit var.

Orada insan münasibətləri var.

Və bütün bunların hər birinin öz musiqi dili var.

İfaçı həmin dili nə qədər yaxşı başa düşürsə, bir o qədər az süni vasitəyə ehtiyac duyur.

Əsl ustalıq da bəlkə elə budur.

Səsi göstərmək yox, obrazı göstərmək.

Vokal imkanlarını nümayiş etdirmək yox, bəstəkarın fikrini çatdırmaq.

Musiqini bəzəmək yox, onun gözəlliyini üzə çıxarmaq.

Bəs ifaçının azadlığı?

Burada haqlı olaraq belə bir sual verilə bilər:

Bəs ifaçının yaradıcılıq azadlığı harada başlayır?

Əlbəttə, ifaçı robot deyil.

Musiqi əsəri hər dəfə canlı şəkildə yenidən doğulur. İfaçının səsi, temperamenti, həyat təcrübəsi, səhnə mədəniyyəti, emosional dünyası həmin əsərə müəyyən rəng qatır.

Mən ifaçının fərdiliyinin əleyhinə deyiləm.

Əksinə.

Böyük ifaçını böyük edən məhz onun fərdiliyidir.

Amma fərdilik müəllifin yerini tutmamalıdır.

İfaçı əsərin içində özünü tapmalıdır, əsərin əvəzinə özünü qoymamalıdır.

Bu ikisi arasında çox böyük fərq var.

Birinci halda sənət yaranır.

İkinci halda isə əsərin bədii mahiyyəti arxa plana keçir, səhnə isə ifaçının özünü nümayiş etdirdiyi bir meydana çevrilir.

Məncə, ifaçının yaradıcılıq azadlığının ən gözəl sərhədi məhz müəllifə hörmətdən keçir.

Azadlıq əsəri istədiyin kimi dəyişmək deyil.

Azadlıq əsərin daxilində gizlənən imkanları üzə çıxarmaqdır.

Böyük ifaçı müəllifin yazmadığını əlavə etməklə deyil, müəllifin yazdığının içində hamının görə bilmədiyini göstərməklə fərqlənir.

İfaçı səhnəyə çıxmazdan əvvəl bəlkə də özünə iki sual verməlidir.

Birincisi:

“Mən bu musiqiyə nə əlavə edə bilərəm?”

İkincisi isə:

“Mən bu musiqidən nəyi hələ başa düşməmişəm?”

Məncə, ikinci sual birincidən daha vacibdir.

Çünki böyük əsərlər qarşısında ilk hiss etdiyimiz şey özümüzü göstərmək arzusu deyil, heyrət olmalıdır.

Üzeyir bəyin əsərləri də mənim üçün məhz belə əsərlərdəndir.

Onun musiqisinə toxunarkən əvvəlcə dinləmək lazımdır.

Sonra düşünmək.

Sonra anlamaq.

Və yalnız bundan sonra oxumaq.

Çünki not göz önündədir.

Musiqi isə notların arasındadır.

Orada nəfəs var, söz var, obraz var, xarakter var, dövrün ruhu var.

Və ən əsası — Üzeyir bəyin öz nəfəsi var.

İfaçının vəzifəsi həmin nəfəsi öz nəfəsi ilə boğmaq yox, onu yaşatmaqdır.

Biz Üzeyir bəyi gələcək nəsilə necə çatdıracağıq?

Mənim narahatlığımın əsas səbəbi də budur.

Bu gün internetdə bir əsərin müxtəlif ifalarını dinləyən gənc dinləyici Üzeyir bəyin musiqisini məhz həmin ifalar vasitəsilə tanıyır.

O, partituranı görmür.

Müəllifin nə yazdığını bilmir.

İfaçının etdiyi dəyişikliklə müəllifin yazdığı arasında fərqi çox vaxt ayırd edə bilmir.

Deməli, bizim ifamız sadəcə bugünkü dinləyiciyə təsir etmir.

O, gələcəyin Üzeyir bəy haqqında təsəvvürünü də formalaşdırır.

Bu, çox böyük məsuliyyətdir.

Əgər biz əsəri təhrif olunmuş şəkildə təqdim ediriksə, gələcək nəsil bəlkə də həmin təhrif olunmuş variantı “Üzeyir bəy belə yazıb” düşüncəsi ilə qəbul edəcək.

Beləliklə, zaman keçdikcə əsərin özü yox, onun təhrif olunmuş ifa ənənəsi yadda qalacaq.

Bu isə artıq yalnız bir ifa məsələsi deyil.

Bu, mədəni yaddaş məsələsidir.

Mənim etirazım sənətə deyil, məsuliyyətsizliyədir.

Bütün bunları yazarkən məqsədim hər hansı ifaçını mühakimə etmək deyil.

Mən heç kimin yaradıcılıq hüququnu inkar etmirəm.

Əksinə, bilirəm ki, sənət müxtəlif baxışların, müxtəlif interpretasiyaların mövcudluğu ilə zənginləşir.

Mənim etirazım fərqliliyə deyil.

Mənim etirazım müəllifin musiqi dilinin bilmədən və ya bilərəkdən pozulmasına, ifaçının şəxsi nümayişinin əsərin özündən üstün tutulmasına və bunun zaman keçdikcə normal ifa üslubu kimi qəbul edilməsinədir.

Çünki hər sərbəstlik sənət deyil.

Hər dəyişiklik yaradıcılıq deyil.

Hər bəzək ustalıq deyil.

Və hər yüksək, gur, virtuoz səslənən ifa böyük ifa deyil.

Bəzən ən böyük sənətkar özünü geri çəkə biləndir.

Bəzən ən çətin şey sadəcə düzgün oxumaqdır.

Üzeyir bəyin musiqisinə toxunarkən...

Mən bir vokalçı kimi uzun illər ərzində bir həqiqəti getdikcə daha dərindən anlamışam:

Böyük əsərlərin qarşısında ifaçı bir az da təvazökar olmalıdır.

Çünki qarşımızda bizdən əvvəl düşünülmüş, yaradılmış və zamanın sınağından keçmiş bir sənət əsəri var.

Biz ona sahib deyilik.

Biz onun sahibləri yox, daşıyıcılarıyıq.

Bu fərqi unutmamalıyıq.

Üzeyir Hacıbəyli artıq öz sözünü deyib.

Bizim vəzifəmiz onun sözünü öz sözümüzə çevirmək deyil.

Onun sözünü anlayaraq, doğru çatdırmaqdır.

Bəlkə də bu səbəbdən Üzeyir bəyin musiqisini ifa edən hər bir sənətkar özünə sadə, amma ağır bir sual verməlidir:

“Əgər Üzeyir bəy bu gün qarşımda oturub məni dinləsəydi, mənim ifamda öz musiqisini tanıyacaqdımı?”

Məncə, əsas məsələ budur.

Əgər cavab “bəli”dirsə — deməli, biz əmanəti qorumuşuq.

Əgər cavab tərəddüdlüdürsə — deməli, yenidən düşünməyə ehtiyac var.

Çünki Üzeyir bəyin irsi bizim şəxsi yaradıcılıq meydanımız deyil.

Bu irs bizə verilmiş mənəvi əmanətdir.

Əmanətin şərti isə onu özündən əvvəlki sahibindən daha qiymətli göstərmək deyil.

Onu itirmədən, dəyişdirmədən, ruhunu sındırmadan sonrakı nəslə çatdırmaqdır.

Və mən bir musiqiçi kimi düşünürəm ki, Üzeyir bəyin musiqisinə toxunarkən ən böyük hörmətimiz bəzən məhz ona toxunmamaqdır.

Sadəcə onu eşitmək.

Onu anlamaq.

Onu yaşamaq.

Və sonra...

onu olduğu kimi səsləndirmək.

 

Anar Şuşalı (Hüseynli)

Azərbaycan Respublikasının Əməkdar artisti, Prezident mükafatçısı