Prezident İlham Əliyev sentyabrın 8-də Azərbaycan Respublikası Media və Yayım Şurası sədrinin və üzvlərinin təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, İsmayılov Əhməd Məhəmməd oğlu Media və Yayım Şurasının sədri, Abdullayev Məhəmməd İzzət oğlu, Bəşirli Aynur Əliövsət qızı, Kərimova Rəqsanə Tofik qızı, Məmmədov Fərhad Rauf oğlu, Nadirov İlkin İlqar oğlu, Novruzov Fazil Hacıverdi oğlu Media və Yayım Şurasının üzvləri təyin olunublar.

***

Qeyd edək ki, Əhməd İsmayılov bu təyinatadək Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin icraçı direktoru (2021-ci ildən) olub.

2021-ci ildə yaradılan Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin və 2022-ci ildən fəaliyyət göstərən Azərbaycan Respublikası Audiovizual Şurasının funksiyalarını bundan sonra Azərbaycan Respublikası Media və Yayım Şurası həyata keçirəcək.

Azərbaycan Respublikası Prezidentinin 7 avqust 2026-cı il tarixli Fərmanına əsasən, Media və Yayım Şurası Azərbaycan Respublikası Audiovizual Şurasının hüquqi varisidir, onun hüquq və öhdəlikləri, habelə əmlakı yeni yaradılan Şuraya keçib. Fərmanla “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs ləğv edilib və onun hüquq və öhdəlikləri, habelə əmlakı Azərbaycan Respublikası Media və Yayım Şurasına verilib.

Medianın İnkişafı Agentliyi "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli 1249 nömrəli Fərmanı ilə, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (2009-cu ildən) əsasında yaradılmışdı. Audiovizual Şura isə Milli Televiziya və Radio Şurasını (2002-ci ildən) əvəz etmişdi.

Əlavə edək ki, Prezident İlham Əliyevin 2026-cı il 20 fevral tarixində imzaladığı digər Fərmanla “Sosial Tədqiqatlar Mərkəzi” publik hüquqi şəxsi Medianın İnkişafı Agentliyinə birləşdirilmişdi.

Beləliklə, üç qurumun (Medianın İnkişafı Agentliyi, Sosial Tədqiqatlar Mərkəzi, Audiovizual Şura) fəaliyyət sahələri bundan sonra vahid struktur – Media və Yayım Şurası tərəfindən əhatə olunacaq.

Xatırladaq ki, Prezidentin 7 avqust 2026-cı il tarixli Fərmanı ilə “Azərbaycan Respublikası Media və Yayım Şurasının strukturu” da təsdiq edilib. Fərmanda Media və Yayım Şurasının işçilərinin say həddi 108 ştat vahidi nəzərdə tutulub.