Şuşa Dövlət Musiqili Dram Teatrında (Bakı şəhərində yerləşir) yeni mövsümün başlanması ilə əlaqədar kollektivin ümumi iclası keçirilib.
Tədbirin əvvəlində uzun illər Şuşa Dövlət Musiqili Dram Teatrına rəhbərlik etmiş Əməkdar artist Yadigar Muradovun (1958-2025) xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
İclasda teatrın qarşısında duran əsas vəzifələr, yeni mövsümdə həyata keçirilməsi nəzərdə tutulan yaradıcılıq layihələri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Direktor vəzifəsini icra edən Əməkdar artist Azad Məmmədov kollektivi yeni mövsümün başlanması münasibətilə təbrik edib. O, yaradıcı heyətin ötən mövsümdəki fəaliyyətini müsbət qiymətləndirərək, qarşıdakı dövr üçün repertuarın zənginləşdirilməsi, tamaşaların bədii və peşəkar səviyyəsinin yüksəldilməsi, yaradıcı heyətin potensialından səmərəli istifadə olunması və tamaşaçı auditoriyasının genişləndirilməsi kimi mühüm vəzifələri diqqətə çatdırıb.
Kollektivin üzvləri də çıxış edərək fikirlərini bölüşüblər.
Qeyd edək ki, Şuşa Dövlət Musiqili Dram Teatrı yeni mövsümü sentyabrın 12-də Mixail Bulqakovun "Ağıldankəm Jurden" tamaşası ilə açacaq. Ötən mövsümdə hazırlanan səhnə əsərinin premyerası 15 iyulda olub.























