Sentyabrın 7-də Şəki Dövlət Dram Teatrında yeni mövsümün başlanması ilə əlaqədar kollektivlə görüş keçirilib.

Teatrın direktoru vəzifəsini icra edən Əməkdar incəsənət xadimi Mirbala Səlimli ötən mövsümdə görülən işlərdən, həyata keçirilən layihələrdən, teatrın beynəlxalq festivalda iştirakından, əldə olunan nailiyyətlərdən danışıb.

Yeni mövsümün əsas planlarını da diqqətə çatdıran Mirbala Səlimli kollektivə uğurlar arzulayıb.

Qeyd olunub ki, Şəki Dövlət Dram Teatrının 147-ci mövsümünün rəsmi açılışı 13 sentyabrda braziliyalı dramaturq Gilyerme Fiqeyredonun "Ezop" əsəri əsasında hazırlanan eyniadlı tamaşa ilə olacaq. Səhnə əsərinin quruluşçu rejissoru Mirbala Səlimlidir.

Şəki Dövlət Dram Teatrı sənətsevərləri yeni mövsümün açılışına dəvət edir.