Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) üzvü, rejissor, ssenarist Yefim Abramov sentyabrın 7-də, 78 yaşında İsraildə vəfat edib.

Bu barədə AKİ məlumat yayıb.

Yefim Abramov 14 avqust 1948-ci ildə Bakıda doğulub. 1980-ci ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu (İ.Talankin və G.Daneliyanın rejissorluq kursu) bitirdikdən sonra “Azərbaycanfilm” kinostudiyasında fəaliyyət göstərib.

İlk dəfə “Qorxma, mən səninləyəm” bədii filmində (1981, quruluşçu rejissor Y.Qusman ) stajçı-rejissor kimi çalışıb. “Əzablı yollar”da (1982) ikinci rejissor, “Qocalar, qocalar” filmində 1982) rejissor (Elxan Qasımovla birgə), “Araqarışdıran” filmində (1987) rejissor və  ssenari müəllifi, “Lətifə”də (1989) rejissor (Nizami Musayevlə birgə) olub.

1990-cı ildə İsrailə köçüb. Çətinliklərlə dolu yeni bir həyata başlasa da, özünün də etiraf etdiyi kimi, Bakı həmişə onunla qaldı. Azərbaycandan uzaqda olsa belə, onun mədəniyyəti ilə əlaqəsini qoruyub saxlayırdı.

Yefim Abramov azərbaycanlı şair, yazıçı Leyla Bəyim (Çexiyada yaşayır) ilə birlikdə Xocalı faciəsinə həsr olunmuş "Qara bənövşələr" (“Black Snowdrops”) povestini, Aprel döyüşləri (2016) şəhidi heykəltaraş Samir Kaçayevin xatirəsinə həsr olunmuş "Xəyalpərəst oğlan" pyesini (Gənc Tamaşaçılar Teatrında "Yarımçıq qalmış..." adı ilə səhnəyə qoyulub) ərsəyə gətirib. Həmçinin Azərbaycanla İsrail arasında mədəni əlaqələr üzrə layihələrdə iştirak edib.

Kino fəaliyyətini İsraildə də fəaliyyətini davam etdirib. 2004-cü ildə “Verona səması altında” (2004, rejissorlar V.Krasnopolski, V.Uskov / Rusiya, İsrail) serialının ssenari müəlliflərindən olub.