Azərbaycanın mədəni zənginliyini, qədim tarixini və çağdaş dövrünü müxtəlif dillərdə dünyada tanıdan “İRS” beynəlxalq jurnalının rusca (“İRS-Nasledie”) növbəti sayı Moskvada nəşr edilib.
Yeni nömrədə əsas yeri böyük Azərbaycan şairi və mütəfəkkiri, Orta əsrlər Şərq intibahının ən böyük nümayəndələrindən biri Xaqani Şirvaninin (1126–1199) 900 illiyinə həsr olunmuş məqalə tutur.
Akademik Rafael Hüseynovun müəllifi olduğu məqalədə təkcə Şərq ədəbiyyatının deyil, dünya ədəbiyyatının da ən böyük ustadlarından biri kimi tanınan şairin həyat və yaradıcılığndan bəhs olunur. Xaqani Şirvani hələ gənc yaşlarında Şirvanşahların saray şairi olub. O, sarayda keçirdiyi uzun illər ərzində həm hörmət və ehtiram, həm də hökmdarların lütfünü, sonda isə sürgün edilməsinə səbəb olan saray çəkişmələrini və böhtanları görüb. Bütün sınaqlara baxmayaraq, şair saraydaxili çəkişmələrdən kənar qalaraq ləyaqətini daim qoruyub saxlayıb.
Jurnal ənənəvi olaraq Azərbaycan tarixinə böyük diqqət yetirir. Nəşrdəki məqalələrdən biri ölkənin 1920-ci ildə sovetləşdirilməsi dövründə siyasi terrorizm mövzusuna həsr olunub. Məqalədə erməni “Daşnaksütyun” partiyasının üzvləri tərəfindən Tiflisdə (indiki Tbilisi) Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimləri — keçmiş baş nazir Fətəli xan Xoyski və keçmiş ədliyyə və daxili işlər naziri Həsən bəy Ağayevin qətlə yetirilməsindən bəhs olunur. Material müxtəlif siyasi istiqamətləri təmsil edən Tiflis qəzetlərində dərc olunmuş yazılar əsasında hazırlanıb. Həmin dövrün nəşrlərinin əksəriyyəti azərbaycanlı dövlət xadimlərinin qətlə yetirilməsini bolşevik rejiminin AXC nümayəndələrinə qarşı yönəlmiş siyasəti ilə əlaqələndirirdi.
Tanınmış azərbaycanlı neft sənayeçisi və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Xəzər dənizində neftin dəniz yolu ilə daşınması sahəsindəki fəaliyyətindən bəhs edən məqalə də oxucular üçün maraqlı olacaq. O, 45 gəmi sahibini birləşdirən ittifaqa rəhbərlik edərək bu sahədə Rusiya kapitalının inhisarına qarşı mübarizə aparıb. Məqalədə, həmçinin Tağıyevin rəqiblərinin əl atdıqları üsullar və onun sonradan neft daşımaları sahəsindən sıxışdırılıb çıxarılmasına səbəb olan hallar nəzərdən keçirilir.
"İRS-Nasledie”nin yeni nömrəsində oxuculara Azərbaycanın tarixinə, incəsənətinə dair digər materiallar da təqdim olunub.
Qeyd edək ki, 20-dən çox dildə nəşr edilən “İRS” beynəlxalq jurnalının baş redaktoru tarix üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist Musa Mərcanlıdır.

























