AMEA Arxeologiya və Antropologiya İnstitutu və “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə 4-5 sentyabr tarixlərində İsmayıllı rayonunun Basqal qəsəbəsi və Sulut kəndində görkəmli arxeoloq Fazil Osmanovun (1936–2016) 90 illiyinə həsr edilmiş “Tarixi yerlər və abidələr” VI Beynəlxalq Sulut Simpoziumu keçirilib.
İnstitutdan bildirilib ki, simpozium arxeologiya, tarixi-memarlıq irsi, epiqrafika, muzey işi, mədəni irs turizmi, yerli icmalar və mədəni irsin davamlı inkişafı kimi müxtəlif istiqamətləri əhatə edib.
Simpoziumun açılışında AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Arxeologiya və Antropologiya İnstitutunun direktoru dosent Fərhad Quliyev, institutun aparıcı elmi işçisi, tədbirin təşkilat komitəsinin sədri Fariz Xəlilli, eləcə də Türkiyənin Mersin Arxeologiya Muzeyindən Funda Yüksel Özer və Fazil Osmanovun ailəsi adından oğlu Lətif Osmanov çıxış ediblər.
Akademik İsa Həbibbəyli Fazil Osmanovun, xüsusilə Qafqaz Albaniyasının arxeoloji irsinin tədqiqinə verdiyi töhfələrin Azərbaycan tarixşünaslığı və arxeologiyası üçün əhəmiyyətini vurğulayıb. Akademik son illərdə Azərbaycan arxeoloji tədqiqatların genişləndirilməsinin və elmi nəticələrin ictimaiyyətə çatdırılmasının əhəmiyyətindən bəhs edib. İsa Həbibbəyli simpoziumun Bakı ilə məhdudlaşmayaraq regionda, tarixi abidələr və arxeoloji irslə zəngin İsmayıllı rayonunda keçirilməsini də mühüm təşəbbüs kimi qiymətləndirib.
Fərhad Quliyev çıxışında Fazil Osmanovun elmi irsindən, Azərbaycan arxeologiyasının inkişafına verdiyi töhfələrdən və uzun illər ərzində apardığı tədqiqatların əhəmiyyətindən danışıb. O, Fazil Osmanovun elmi irsinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması ilə yanaşı, arxeoloqun ailəsinin onun xatirəsinə göstərdiyi diqqət və ehtiramı xüsusi qeyd edib. Fərhad Quliyev, həmçinin Fazil Osmanovun elmi irsinin sistemləşdirilməsi istiqamətində görülən işlərə, o cümlədən alimin seçilmiş əsərlərinin kitab halında nəşrə hazırlanmasına diqqət çəkib.
Simpoziumda “Fazil Osmanovun elmi irsi və Qafqaz Albaniyasının arxeologiyası”, “Arxeoloji tədqiqatlar, tarixi yerlər və mədəni landşaft”, “Tarixi-memarlıq, dini və epiqrafik irs”, “Muzeylər, mədəni irs turizmi, yerli icmalar və mədəni irsin davamlı inkişafı” bölmələri üzrə məruzə və çıxışlar olub.
Simpozium çərçivəsində ayrıca onlayn elmi proqram da hazırlanıb. Onlayn proqramda Fazil Osmanovun Azərbaycan arxeologiyasındakı rolu və muzey kolleksiyasından Nüydü sikkə dəfinəsinə, Bərdənin ilk orta əsr şəhər quruluşundan Qarabağın Alban dövrü dini abidələrinin turizm aspektlərinə, Şamaxının şəhər mədəniyyətindən muzeylərin beynəlxalq markalaşmadakı roluna və mədəni irsin müasir həyat tərzi ilə münasibətlərinə qədər müxtəlif mövzular təqdim edilib.
Tədbir iştirakçıları üçün Sulut kəndində elmi-ekskursiya proqramı da təşkil edilib.
İkigünlük simpozium arxeoloqları, tarixçiləri, muzeyşünasları, memarlıq və mədəni irs üzrə mütəxəssisləri, ali məktəb və elmi müəssisələrin nümayəndələrini bir araya gətirərək Fazil Osmanovun elmi irsinin yenidən qiymətləndirilməsi, Azərbaycanın tarixi yerlərinin və abidələrinin tədqiqi, qorunması və cəmiyyətə təqdim olunması istiqamətində fikir mübadiləsi üçün elmi platforma yaradıb.
Fazil Osmanovun 90 illik yubileyinə həsr olunmuş VI Beynəlxalq Sulut Simpoziumu eyni zamanda onun uzun illər tədqiq etdiyi Şirvan arxeoloji irsinin və tarixi-mədəni landşaftının gələcək nəsillərə çatdırılmasının əhəmiyyətini bir daha gündəmə gətirib. Simpoziumun Basqal və Sulutda keçirilməsi elmi müzakirələrin tədqiqat obyektlərinin yerləşdiyi tarixi mühitlə əlaqələndirilməsinə imkan verib.

























