Milli Kitabxana daha bir əlamətdar tarix, “6 sentyabr – Beynəlxalq Kitaboxuma Günü” münasibətilə virtual və ənənəvi sərgiləri istifadəçilərə təqdim edib.

Kitabxanadan verilən məlumatda qeyd olunur ki, bu günün tarixi 6 sentyabr 1852-ci ildə Mançester şəhərində (Böyük Britaniya) ilk pulsuz kitabxananın fəaliyyətə başlaması ilə bağlıdır. Bu gün insanı formalaşdıran, mənəvi aləmini zənginləşdirən kitabların əhəmiyyətini vurğulayır.

Kitab oxumaq insanın düşüncə tərzini formalaşdırır, dünyagörüşünü genişləndirir və həyatı daha dərindən anlamağa kömək edir. Hər bir kitab oxucuya yeni bilik, duyğu və ilham bəxş edir.

Bu mənada Azərbaycan ədəbiyyatı xüsusi yer tutur. Xalqımızın yaddaşı və mədəni irsinin aynası olan ədəbiyyatımız böyük sənətkarların əsərlərində həm milli kimliyimizi, həm də ümumbəşəri dəyərləri əks etdirir.

Sərgilərdə kitabla rəftar, uşaqlar və mütaliə, kitab bayramları, oxu mədəniyyəti, söz, mütaliə, kitabxana və s. haqqında dövri mətbuat materialları, fotolar, Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş etdirilir.

Virtual sərgiyə bu linkdə baxmaq olar:

https://anl.az/el/vsb/Beynelxalq_Kitaboxuma_Gunu/index.htm