Milli Kitabxanada Əməkdar incəsənət xadimi, bəstəkar-musiqişünas, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadənin 80 illik yubileyinə həsr olunmuş kitab sərgisi istifadəçilərə təqdim olunub.

Kitabxanadan bildirilib ki, sərgidə Gülnaz Abdullazadənin monoqrafiyaları, elmi fəaliyyəti ilə bağlı digər nəşrlər, redaktoru, rəyçi, məsləhətçi olduğu kitablar, dövri mətbuat materialları nümayiş olunur.

Gülnaz Abutalıb qızı Abdullazadə 1946-cı il sentyabrın 7-də Bakıda anadan olub. 1971-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq ixtisası (Cövdət Hacıyevin sinfi), 1979-cu ildə M.Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasında (Fəlsəfə fakültəsinin Estetika kafedrası) bitirib. “Hegelin estetikasında musiqi incəsənətinin problemləri” mövzusunda namizədlik, “Qədim və orta əsrlər musiqi mədəniyyətinin tarixi-fəlsəfi təhlili” (Şərq-Qərb kontekstində) mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. 

A.Zeynallı adına Musiqi Texnikumunda, Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda (indiki ADU) çalışıb. 1992-ci ildən Bakı Musiqi Akademiyasının professoru, elmi-tədqiqat və yaradıcılıq işləri üzrə prorektorudur.

Gülnaz Abdullazadə Azərbaycan və dünya musiqisinin fəlsəfi problemlərinə və Azərbaycan bəstəkarlarının yaradıcılığına dair bir sıra əsərlərin müəllifidir. Onun “Azərbaycan muğamlarının fəlsəfi mahiyyəti” (1983), “Musiqi sənətinin fəlsəfi mahiyyəti” (1985), “Musiqi, insan, cəmiyyət” (1991), “Azərbaycan fəlsəfəsi” (həmmüəllif, 1993), “Qədim və orta əsrlərin musiqi mədəniyyəti” (1996), “Hegelin musiqi estetikası” (1999) və s. monoqrafiyaları muğamların və folklor musiqisinin fəlsəfi mahiyyətinə əsaslanıb.